Noyabrın 1-də Bakı Apellyasiya Məhkəməsində Anar Məmmədlinin mülki xəstəxanada müayinə olunması ilə bağlı məhkəmə nəzarəti qaydasında verilən şikayətə baxılıb. Xətai rayon Məhkəməsi bundan əvvəl sözügedən şikayəti geri göndərmişdi.
Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, apellyasiya şikayəti də təmin olunmayıb.
Vəkil qeyd edib ki, A.Məmmədli bel və baş ağrılarından şikayətlənir: "Eyni zamanda deyir ki, boğazında problemlər var. Biz müayinə olunmasını tələb etmişdik. Keçən həftə müayinə olundu, amma bizə nə müayinə nəticələri verilir, nə də mülki xəstəxanaya köçürülməsi təmin olunur".
Müdafiə tərəfindən verilən məlumata görə, A.Məmmədlinin özü məhkəmədə bildirilib ki, heç bir cinayət törətmədiyi halda həbsdə saxlanılır və orada da xəstəliyi müalicə edilmir, bu isə işgəncəyə bərabərdir.
Hələlik, müdafiə tərəfinin açıqlamasına ayrılıqda rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
A.Məmmədli bu il aprelin 29-da saxlanıb. Aprelin 30-da Xətai rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib.
A.Məmmədli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. O, ittihamı qəbul etmir.
SMDT rəhbəri A.Məmmədli bundan əvvəl 2013-cü ilin sonlarında saxlanmışdı. O, həmin vaxt vergidən yayınma və başqa ittihamlar ilə 5 il 6 ay müddətinə həbs edilmişdi. Amma onda da ittihamları qəbul etməyib. Bir sıra yerli və beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyıblar.
Məmmədli 2016-cı il martın 17-də əfv sərəncamı ilə azadlığa buraxılmışdı.
Xatırlatma
Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Sonra onların bəzilərinin ittihamı daha bir neçə maddə ilə ağırlaşdırılıb. Söhbət külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqdan, habelə mütəşəkkil dəstə ilə qaçaqmalçılıqdan, vergidən yayınmadan, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadədən gedir. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.