Hüquq müdafiəçiləri 'Anar Məmmədli kampaniyası'na başlayıblar

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

Azərbaycan BMT-nin iqlim dəyişikliyi üzrə növbəti konfransını - COP29-u qəbul etməyə hazırlaşdığı bir vaxtda bir qrup azərbaycanlı hüquq müdafiəçisi Azərbaycanda repressiyalara son qoyulması üçün birgə kampaniyaya başlayıb.

Bu barədə Cenevrədə yerləşən "Progress&Change Action Lab" qeyri-kommersiya məsləhət qrupunun məlumatında deyilir.

"Anar Məmmədlinin adı altında gücləri birləşdirən kampaniya Azərbaycanda siyasi məhbuslara və daimi repressiyalar mühitinə diqqəti artırmağa yönəlib", - kampaniyanın press-relizində bildirilir.

Kampaniya təsisçiləri "AbzasMedia", "ToplumTV" və "Kanal 13" jurnalistlərinin, Demokratik Təşəbbüslər İnstitutu və meclis.info kimi qeyri-hökumət təşkilatlarının, "Üçüncü Respublika Platforması" kimi siyasi qrupların fəallarının həbsini xatırladırlar.

Xatırlatma

Anar Məmmədli aprelin 29-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

A.Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında ümumilikdə 250-300 siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.