Anar Məmmədlinin həbs müddəti artırıldı

Anar Məmmədli

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbs müddəti 3 ay uzadılıb.

Bununla bağlı avqustun 22-də Xətai rayon Məhkəməsi istintaq orqanın vəsatətinə baxaraq qərar çıxarıb.

A.Məmmədlinin vəkillərinin sözlərinə görə, istintaq müddətinin uzadılması üçün heç bir əsas yoxdur. "Qərardan apellyasiya şikayəti veriləcək", - onlar vurğulayıblar.

A.Məmmədli aprelin 29-da saxlanıb. Aprelin 30-da Xətai rayon Məhkəməsi onun barəsində 3 ay 28 gün müddətinə həbs-qətimkan tədbiri seçib.

A.Məmmədli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. O, ittihamı qəbul etmir.

Bundan əvvəl

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri A.Məmmədli bundan əvvəl 2013-cü ilin sonlarında saxlanıb. O, vergidən yayınma və başqa ittihamlar ilə 5 il 6 ay müddətə həbs edilib. Amma ittihamları qəbul etməyib. Bir sıra yerli və beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyıblar.

Məmmədli 2016-cı il martın 17-də əfv sərəncamı ilə azadlığa buraxılıb. SMDT o, azadlığa çıxdıqdan sonra da fəaliyyət göstərib. Azərbaycanda bir çox seçkilərin monitorinqini aparan bu təşkilatın hesabatları, bir qayda olaraq, tənqidi xarakter daşıyıb. Azərbaycan rəsmiləri isə ölkədə seçkilərin azad və ədalətli keçirilmədiyinə dair tənqidləri qəbul etmir.

Təqribən 10 gün sonra, sentyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçirilməlidir.

Xatırlatma

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Bugünlərdə isə onların bəzilərinin ittihamı daha bir neçə maddə ilə ağırlaşdırılıb. Söhbət külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqdan, habelə mütəşəkkil dəstə ilə qaçaqmalçılıqdan, vergidən yayınmaqdan, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadədən gedir. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.