Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd edilir. Üç il öncə, 2020-ci il sentyabrın 27-də 44 günlük İkinci Qarabağ müharibəsi başlayıb. Bu müharibənin başlamasına görə tərəflər bir-birlərini günahlandırıb.
Həmin müharibədə Azərbaycan işğal altında olan ərazilərinin bir hissəsini geri qaytarıb. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli bəyanata əsasən, döyüşlər dayandırılıb. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Razılaşmaya uyğun olaraq, az sonra işğalda qalan ərazilərdən Kəlbəcər, Laçın və Ağdam rayonu da Azərbaycanın nəzarətinə keçib. Beləliklə, Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Onda keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalmışdı.
Həmin müharibə nəticəsində Azərbaycanın 3 min civarında hərbi qulluqçusunun həlak olduğu, altısının isə itkin düşdüyü bildirilir. Ermənistanın isə həmin döyüşlərdə 3 min 770-dən çox hərbi qulluqçusunun həlak olduğu, 240-dan çoxunun isə itkin düşdüyü açıqlanıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Anım Günündən 8 gün öncə...
Ötən həftə, sentyabrın 19-da rəsmi Bakı Qarabağda "lokal antiterror tədbirləri"nə başladığını elan edərək erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib. Yerevan isə Qarabağda onların hərbi qüvvələrinin olmadığını, regionda "irimiqyaslı təcavüz"ün baş verdiyini bəyan etdi. Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlandı. Azərbaycanın açıqlamasına əsasən, Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında bölgədə qeyri-qanuni silahlı dəstələrin buraxılacağı razılaşdırılıb. Bundan sonra Yevlax və Xocalıda Azərbaycanın mərkəzi hakimiyyətinin təmsilçiləri ilə Qarabağın erməni sakinlərinin nümayəndələrinin görüşdüyü, əsasən, humanitar məsələlərin müzakirə edildiyi bildirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.