Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması danışıqlarını aparan Serdar Kılıç və Ruben Rubinyan Vyanada dördüncü görüşlərini keçiriblər.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, tərəflər Türkiyə-Ermənistan quru sərhədindən iki ölkəyə gəlmiş üçüncü dövlət vətəndaşlarının qarşılıqlı keçidinin tez bir zamanda təmin edilməsinə dair razılaşma əldə ediblər.
Razılaşmaya görə tərəflər bu istiqamətdə zəruri proseslərə başlamalıdırlar.
Ermənistan XİN-in məlumatında deyilir ki, tərəflər habelə ən qısa müddətdə iki ölkə arasında birbaşa hava yükdaşımalarının başlanması üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəliblər.
Bundan başqa xüsusi nümayəndələr Ankara və Yerevan arasında münasibətlərin tam normallaşdırılması üçün atılacaq konkret addımları müzakirə ediblər.
Serdar Kılıç və Ruben Rubinyan tənzimləmə prosesinin heç bir ilkin şərt qoyulmadan davam etdiriləməsinə sadiq olduqlarını vurğulayıblar.
Türkiyə tərəfi də görüş barədə buna bənzər məlumat yayıb.
İki xüsusi nümayəndənin bundan əvvəlki iki görüşü Vyanada olub. Danışıqlara yanvar ayında Moskvada keçirilən birinci görüşlə başlanmışdı.