Rusiyanın “Antalya qisası”

Russuz qalan Antalya

Rusiyanın hərbi təyyarəsi Türkiyə qırıcısı tərəfindən vurulduqdan sonra dünyanın ən məşhur kurortlarından biri olan Antalya, həm də diplomatik-siyasi-strateji önəm daşımağa başlayıb.

AzadlıqRadiosunun müxbiri Frud Bezhan yazır ki, Antalya 300-dən çox bərq vuran, beşulduz otelləri və günəşli Aralıq sahilləri ilə hər il milyonlarla rusiyalı turistə qucaq açardı.

Bu otellərlə qabaq-qənşər yerləşən çoxsaylı kafelər, mağaza və supermarketlərin də qazancı elə həmin rusiyalılardan idi.

Lakin bu dekabr günlərində otellər də, mağaza və kafelər də tamamilə tərk edilmiş görünür. Otelçi və dükançılar isə vaxtlarını siqaret çəkmək və qəhvə içməklə keçirirlər.

Bu darıxanların arasında 32 yaşlı Tolqa Barış da var. O, ilin bu vaxtında səkkizədək lüks otelin qonaqlarını yerbəyer etməklə məşğul olardı.

Tolqa Bariş

İndi isə…Kremlin Türkiyəyə qarşı sanksiyaları çərçivəsində rusiyalı turistlərə bu ölkəyə səfərlərin qadağan edilməsi, Barışın “Limak Hotels” qrupunun mehmanxanalarını da boş qoyub.

“Rusiyalı turistlər olmasa, turizm turizm deyil, - deyir marketinq meneceri. O baxışları ilə suvenir, xəz-dəri və zinət əşyaları satan dükanları göstərir.

“İndi hamısı boş qalıb” – deyir.

Barış deyir ki, noyabrın 24-də təyyarə insidenti baş verəndən bəri Limak otelləri ilə istirahət paketləri olan 2000 nəfər səfərlərini ləğv edib.

Plan B… plan C… olmasa Azərbaycan

Rusiya prezidenti Vladimir Putinin imzaladığı sanksiyalar Türkiyə mallarının idxalına və çarter reyslərinə qadağanla yanaşı, həm də Rusiyanın turizm operatorlarına Türkiyə kurortlarına paketlərin satılmasını yasaqlayıb. Üstəlik,Moskva birtərəfli qaydada Türkiyə ilə vizasız gediş-gəliş rejimini dayadırıb.

Tolqa Barış deyir ki, əgər yay mövsümünədək rusiyalı turistlərin axını bərpa olunmasa, Antalya çox ciddi böhranla üzləşəcək.

Amma hazırda Moskva ilə Ankara arasında acıqlı söz güləşməsi davam edir.

Plan B və plan C rusiyalıların yerini Qərbi Avropadan olan turistlərlə doldurmaqdan ibarətdir. Barış deyir ki, bu da baş tutmasa, ümid Azərbaycan, Qazaxıstan və Ukrayna turistlərinin cəlb edilməsinə qalacaq, di gəl, bu ölkələrin öz sahil kurortları var.

Rus “tematika”sından ərəb “məzmun”una

Onilliklərdir ki, Antalyanın profili rus mövzusuna köklənib. Burada “World Of Wonders Kremlin Palace” mehmanxanası, Konyaaltı Matryoşka Parkı və Mamma Ruski kimi restoran, istirahət və əyləncə yerləri var.

https://www.facebook.com/mammaruski/

Statistikaya görə bura ilin ilk doqquz ayı ərzində səfər etmiş rusiyalıların sayı 3, 3 milyon nəfər olub.

Ruslar hər il Antalya iqtisadiyyatına 6 milayrd dollar xeyir gətirir. Ümumlikdə isə, turizm Türkiyəyə son 9 ay ərzində 21 milyard dollar qazandırıb.

37 yaşlı Akay Can Dağkıran “Motto Café” yeməkxanasının sahibidir. O deyir ki, hər il bu vaxt bu kafedə rusların əlindən iynə atsan, yerə düşməzdi. İndi isə masalar bomboşdur.

O təəccüblənmir. Deyir ki, Antalyada turistlərin 50 faizini məhz ruslar təşkil edirdilər.

Gazi Demir Antalyadakı “Müdem Tour” səyahət agentliyinin operatorudur.

O deyir ki, son üç həftədə bircə dənə də olsun səyahət paketi sata bilməyib, halbuki ötən il bu vaxt Yeni ili Antalyada keçirmək istəyən ruslara 200-dən çox paket satmışdı.

“Bu bisnesin 80 faizi ruslara bağlıdır” - deyir Demir.

Bu işə ömrünün 20 ilini həsr etmiş biznesmen bildirir ki, onlar hazırda Rusiya yönlü olan bu bazarı İran, Səudiyyə və Birləşmiş Ərəb əmirlikləri kimi Yaxın Şərq ölkələrinin istirahət bazarına çevirmək barədə düşünürlər. Lakin Antalyanlın “rus tematikasının” “ərəb məzmunu”na çevrilməsinə illər lazım gələ bilər.

Əgər Natalya istəsə…

Burası da varkı, indi Antalyada bir çoxları belə perspektivə çox da bel bağlamırlar.

“Antalya ruslar üçün yaradılıb” – deyir Olbia mehmanxanasının sahibi Hamdi Karagöz.

Hamdi ümidini yenə də Moskva və Ankaranın tezliklə barışacağına bağlayıb.

Siyasət mənim eynimə deyil. Onlar Türkiyəyə səfərləri ümumiyyətlə qadağan etsələr belə, mən bura gəlmək üçün başqa yollar tapacağam

Frud Bezhan yazır ki, Antalyanın qədim mərkəzi hissəsindəki meydanda adətən insanlar qaynaşardı. Burada gündüz səyahət turları satılardı. İndi isə sahil boyunca rəngarəng qayıqlar, kater və yaxtalar bekar-bekar ləngər vurur.

Antalyada indi çox az sayda rusiyalı turist var. Onlardan biri də moskvalı Natalyadır. O bütün hökumət xəbərdarlıqlarına baxmayaraq builki istirahətinin də marşrutunu dəyişməyib. Artıq üçüncü dəfədir ki, Antalyaya gəlir.

“Siyasət mənim eynimə deyil, - deyir Natalya, - Mən bura neçə illərdir ki, gəlirəm. Onlar Rusiyadan Türkiyəyə səfərləri ümumiyyətlə qadağan etsələr belə, mən bura gəlmək üçün başqa yollar tapacağam”.