Köhnə Astara-Lənkəran yolunun uzunluğu 42 kilometrdir. Rayonun əksər kəndləri bu yola bağlıdır. Yeni İpək Yolu salınandan sonra bu yoldan şikayətlər var.
Astara rayonu Ərçivan kənd sakini Fəxrəddin Məmmədovun bildirməsinə görə, həmin yolda hərəkət etmək çətinləşib: "Köhnə yol Ərçivan kəndinin ortasından keçir. Kəndin ortasında və sonunda yol daha çox dağılıb. Hamımız bu yoldan istifadə edirik. Soruşanda deyirlər ki, yolda təmir gedir. Bir ilə yaxındır ki, yol bu vəziyyətdədir. Əvvəllər İrana gedən yük maşınları buradan keçirdi, yola baxırdılar. İndi həmin maşınlar yeni salınmış İpək Yolundan keçirlər".
Yolda dağıntılar gözə dəyir. Köhnə körpülər sökülərək yeniləri qurulub. Yola tökülmüş torpaq necə varsa, elə də qalıb...
"Maşını hər ay təmirə verirəm"
Maşxan kəndindən keçən yol da eyni vəziyyətdədir. "RAF" mini avtobusunun adının çəkilməsini istəməyən sürücüsü də yoldan gileylidir: "Əvvəllər bu yolu 20-25 dəqiqəyə gedirdik. İndi bir saat çəkir. Maşın dağılır. Bu dağılmış yolun hesabına maşını hər ay təmirə verirəm. Yeni İpək Yolu köhnə yoldan bir qədər uzaqdır. Ona görə camaat ora gedə bilmir. Həm də İpək Yolunun hər iki tərəfindən məftildən çəpər çəkilib. Köhnə yol da bu gündə. Görürük körpü salırlar, yolun üz təbəqəsini götürüblər. Neçə vaxtdır ki, iş dayanıb. Biz əziyyət çəkirik".
"Uşaqlar bu yol ilə məktəbə gedirlər"
Rayonun Təngərüd kəndindən keçən yoldan maşınlar aşağı sürətlə hərəkət edir. Yol daralıb. Maşınlar bir sırada hərəkət etməyə çalışırlar. Təngərüd kəndinin də adının çəkilməsini istəməyən bir sakini deyir ki, yolun belə vəziyyətdə olmasından beziblər: "Nə qədər dözmək olar. Minik maşınım var, bu yola görə ondan istifadə etmirəm. Yol qaydalarını bir balaca pozan kimi cərimə gəlir. Bəs bu yolun bu vəziyyətə düşməsində kimdir günahkar? Vaxtında təmir etsəydilər, yol bu vəziyyətə düşməzdi. Həyətlərdə yetişdirilən kənd təsərrüfatı məhsullarını bu yol ilə bazarlara daşıyırıq. Uşaqlar bu yol ilə məktəbə gedirlər. Gedirsən mağazaya, yola çıxırsan, palçığa düşürsən. Bizim ölkəmiz elə də kasıb deyil...".
Astara şəhər sakini, ictimai fəal Asən Həşimlinin deməsinə görə, ötən il iki dəfə kəndlər sel sularına məruz qalıb: "Sel suları bir neçə körpünü apardı, təsərrüfatlara külli miqdarda ziyan dəydi. 40 kəndin rayonla əlaqəsi üzülmüşdü... Su özünə yol tapıb Xəzər dənizinə axa bilmir. Su dənizə axsın deyə, Lənkəran-Astara yolunun üstündə olan körpüləri təzələyirlər. Bu yaxşıdır. Lakin yolları da bərbad vəziyyətə salıblar. Deyirlər, yola yeni asfalt çəkəcəklər. Gözləyirik".
"Bir ay qalıb"
Astara rayon İcra Hakimiyyəti Aparatının şöbə müdiri Xanverdi Şirinovun deməsinə görə, bu ilin martında yol yenidən asfaltlanacaq: "Martda başlayacaqlar işləməyə. İndi yağışdır. Yola çınqıl töküblər. Düzdür, yolda palçıq var. Ölkə prezidenti bunun üçün ilkin olaraq 4.5 milyon manat vəsait ayırıb. Yolun 26 kilometrini asfaltlayacaqlar".