Məzar daşı hazırlayan usta: 'Son vaxtlar sifarişlər artıb'

Feyruz Sultanov

Bakı-Astara magistralında şütüyən maşınların səsindən qulaq tutulur. Usta Feyruz Sultanovun emalatxanası da bu yolun kənarında yerləşir. Özünün dediyinə görə, 20 ildən çoxdur ki, bu səs-küydə başdaşı düzəldir, bununla da ailəsini dolandırır.

Ustanın bildirməsinə görə, 5-6 aydır ki, qara bulud başının üstünü alıb. Azərbaycan-İran dəmiryolu onun «çörək ağacı» sayılan emalatxanasından keçir:

«EMALATXANA SÖKÜLMƏLİDİR»

«Deyirlər ki, emalatxana sökülməlidir. Gəlib baxıblar. Kompensasiya da verirlər. Bundan narazılığım yoxdur. Amma burdan hara gedim? Dedim, mənə yaxınlıqda torpaq verin, yolun kənarında. Deyirlər ki, içəridə verə bilərik. Yolun kənarında torpaq yoxdur. İçəridə məni kim görür?».

«ELƏ İNSANLAR VAR Kİ, BAŞDAŞINA GÖRƏ İLLƏRLƏ NİSYƏ QALIR»

Feyruz Sultanov deyir ki, rəsmi orqanlara müraciət edib. Vəziyyətini başa salıb: «Bələdiyyəyə demişəm. Deyir, mənlik deyil. Astara şəhər icra nümayəndəliyinə getmişəm. O deyir ki, yer yoxdur. Gördüyüm işlər el üçündür. İnsanlara hörmət edirəm, onlar da mənə hörmət edir. Elə insanlar var ki, başdaşına görə illərlə nisyə qalır. Başqası bunu eləməz. Burdan çıxartsalar, işsiz qalaram. Camaat da başdaşı sifariş vermək uçun uzağa getməli olacaq. Yarım sot torpaq istəyirəm. Pul ödəməyə hazıram. Deyirlər ki, olmaz».

Usta deyir ki, yaxınlıqda böyük bir ərazini hasara alıblar. Əvvəllər ora qəbiristanlıq yeri olub. Həmin yer münasib olduğundan ələ keçirdiblər. Onun bildirməsinə görə, həmin yerdə qanunsuz olaraq 20 sot torpaq da zəbt ediblər. «Dedim həmin yerdən verin, kömək edin. Eşitmirlər. Biz də işləmək istəyirik. Dövlətdən heç nə istəmirəm. Öz puluma yaxın yerdə torpaq istəyirəm, qanunla. Vermirlər. Hər gün gəlib deyirlər ki, sökün. Bunlar fikirləşmirlər ki, mən sökdüm, sonra nə ilə yaşayaram?».

Astarada dəmiryol tikintisi

«BİR AĞDAŞI 110 MANATA HAZIRLAYIRIQ»

Usta deyir ki, indi daha çox ucuz daşdan sifariş alır. Nadir hallarda bahalı daşa sifariş olur: «Çörək pulumu çıxardıram. Qazanc böyük olsaydı, emalatxana bu vəziyyətdə olmazdı. Mən tək deyiləm, 5-6 ailə burdan dolanır. Bir ağdaşı 110 manata hazırlayırıq. Hansı müddətə deyirlər, o müddətə də hazır olur. Bir daşdan 10-15 manat qalır. Hərəsinə 3-4 manat çatır. Allaha and olsun, elə ay olur heç 100 manat da ələ gəlmir. Nisyə çoxdur. Olsa verər də. 3 il bundan əvvəl borclu olanlar var. Çətindir».

Feyruz Sultanov deyir ki, bu ərazidən getsələr, çörəkləri əldən çıxar: «Daşların çoxunu qaytarmışam. Sifariş də çoxdur. Son vaxtlar ölənlərin sayı da artıb. Bu daşları işləyib verməliyəm. Lakin imkan vermirlər...».

İCRA NÜMAYƏNDƏLİYİ NƏ DEYİR

Astara rayonu İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəliyindən usta Feyruz Sultanovun məsələsini müsbət həll etməyə çalışdıqlarını bildirdilər. Nümayəndəlikdən verilən məlumata görə, ustaya başqa ərazilərdə yer təklif olunub. Lakin o razılaşmır. Onun tələb etdiyi yer isə xüsusi mülkiyyət hesab olunur. İcra nümayəndəliyindən hesab edirlər ki, usta özü mülkiyyət sahibi ilə razılaşmalıdır.