Astara rayonunun Şiyəkəran kəndinin Geşəvü deyilən ərazisində yaşayan Zeydulla Cəbiyev müxtəlif qurumlara müraciətlər edərək onlara qəbiristanlıq üçün yerin ayrılmasını istəyir. Onun deməsinə görə, həmin əraziyə 40 il bundan əvvəl köçməyə başlayıblar. Hazırda Geşəvüdə 200-dən çox fərdi ev var: "Buradan iki kilometr aralıda Vaqo kəndi var, ölülərimizi orada dəfn edirik. Yayda vəziyyətdən çıxa bilirik. Payızda, qışda yollar palçıqlı olur, hərəkət edə bilmirik. Bizə deyirlər ki, ölülərinizi maşınla aparın. Burada yaşayanların heç də hamısının maşın sifariş verməyə imkanı yoxdur".
"Əlimdə sakinlərin 100-dən çox ərizəsi var"
75 yaşlı Z.Cəbiyev Şiyəkəran kənd bələdiyyəsinə, kənd icra nümayəndəsinə və rayon icra hakimiyyətinə müraciətlər edib: "Gəlib əraziyə baxıblar, əhali ilə görüşüblər. Fikirlərimizi bildirmişik. Amma məsələ həllini tapmır. Əlimdə sakinlərin 100-dən çox ərizəsi var".
O deyir ki, Şiyəkəran kəndi üç-dörd kilometr uzaqda yerləşir, sovetlər vaxtı bu ərazilər Şiyəkəran kəndinə verilib: "Halbuki ərazidə Siyaku kəndi də var. Əziyyət çəkirik. Sənəd lazım olanda bu yolu getməyə məcburuq. Bu, ayrı dərddir. Biz qəbiristanlıq yeri istəyirik".
"Uşaqlarımız da məktəbə çətinliklə gedirlər"
Sakinlərdən Araz Səmədov isə deyir ki, qonşu kəndin qəbiristanlığında da az yer qalıb: "Ölülərimizi Vaqo kənd qəbiristanlığında dəfn edirik. Orada da yer yoxdur. Kənd camaatı deyir ki, özünüz üçün yer axtarın. Bizdə bir nəfər dünyasını dəyişsə, onu dəfn etmək üçün yer axtarmaq məcburiyyətində qalacağıq. Bu da bir dərddir. Günahımız nədir, bilmirik. Dəfin də bir ətək xərc istəyir. Bizim sağımız da, solumuz da dağdır. Qış sərt keçir, yollar boz bağlayır. Dəfn bir yana qalsın, uşaqlarımız da məktəbə çətinliklə gedirlər".
Geşəvü ərazisində yaşayan Əkrəm Xankişiyev ətrafda üç qədim qəbiristanlığın olduğunu deyir: "Dağ ətəkləridir, ağaclardır. Onların arasında, müxtəlif yerlərdə tarixi məlum olmayan üç qəbiristanlıq var. Haçansa burada yaşayış olub. Yəqin, köçüb gediblər. O qəbiristanlıqlardan birini bizə verə bilərlər. Yaxına qoymurlar".
Z.Cəbiyev isə deyir ki, köhnə qəbiristanlıq yerlərini kimlərsə özününküləşdirib: "Bu məzarlıqların yerləşdiyi torpaq sahələrini aidiyyəti qurumlar balanslarına salıblar. Bir çoxları deyir ki, meşə fonduna aiddir".
Bələdiyyədən cavab
Şiyəkəran kənd bələdiyyəsinin sədri Rövşən Heydərov Geşəvü ərazisində qəbiristanlığın ayrılması üçün yuxarı orqanlara müraciət etdiklərini deyir: "Sakinlər qəbiristanlıqla bağlı müraciət ediblər. Baxmışıq, sənədləşdirmişik. Müvafiq orqanlara sorğu göndərmişik. Əgər həmin ərazilər bələdiyyənindirsə, torpaq ayrılacaq. Meşə fondu olsa, lazım bilsələr, yer ayırarlar. Başqa problem yoxdur".
"60-70 il bundan əvvəl..."
İctimai fəal Asən Həşimli isə məsələyə qanunvericilik çərçivəsində baxılmasından bəhs edir: "Nazirlər Kabinetinin "Qəbiristanlıqların salınması və idarə olunması qaydaları" haqqında qərarı var. O qərar əsasında da yerlər ayrılır. Yeni qəbiristanlığın ayrılmasından ötrü komissiya yaradılır. Bütün bunlara bələdiyyə nəzarət edir. Qaydaya görə, qəbiristanlığı meşə fondu ərazisində salmaq olmaz. Yeni yaşayış massivi salınıbsa, onun qəbiristanlığı da olmalıdır. Hər min nəfərə 0.24 hektar torpaq ayırırlar. Qəbiristanlıqda yerlərin 85 faizi tutulubsa, onu genişləndirmək olar. Geşəvüdə yeni massiv var, orada qəbiristanlıq olmalıdır".
İctimai fəalın dediyinə görə, problem qəbiristanlıqlarda yerlərin dolmasıdır: "Bunda müharibələrin də təsiri az olmadı. Amma başqa səbəblər də var. 60-70 il bundan əvvəl ölünü dəfn edəndən sonra qəbrin üstünə bir daş qoyurdular. Müəyyən dövrdən sonra üstündə nə varsa, çürüyüb gedərdi. Bir müddətdən sonra orada ölü basdırardılar, qəbiristanlıqlar genişlənməzdi. İndi mərmərdən başdaşı qoyurlar. İki nəsil keçəndən sonra qəbri yaddan çıxardırlar. Mərmər çürümür, yerində qalır, nəticədə qəbiristanlıqlar dolur. Qəbiristanlıqlarda türbələr tikirlər, qəbiristanlıq daralır. Əhali artır, torpaq da tükənir".