Britaniya-İsveç əczaçılıq şirkəti "AstraZeneca" ilk dəfə etiraf edib ki, onun koronavirus preparatı ölümcül yan təsir - tromboza səbəb ola bilər, - "The Telegraph" məhkəmə sənədlərinə istinadən xəbər verir .
Nəşr bildirir ki, Oksford Universiteti ilə birgə hazırladığı peyvəndin xəstələrə ciddi ziyan vurması və hətta ölümlə nəticələnməsinə görə şirkətə qarşı qrup iddiası qaldırılıb. Zərərçəkənlər və mərhumun yaxınları "AstraZeneca"dan 100 milyon funt-sterlinqə qədər təzminat tələb ediblər.
Qurbanlardan biri də 2021-ci ildə peyvənd aldıqdan sonra damarında tromb (qan laxtası) əmələ gəldiyi, sonradan baş beyinə qansızma verən Ceymi Skottdur.
"Peyvənd çox nadir hallarda trombositopeniya sindromu (TTS) ilə tromboza səbəb ola bilər. Bunun səbəbləri məlum deyil", – qəzet "AstraZeneca"nın Skottun vəkilləri ilə yazışmalarından bir parçaya istinad edir.
"The Telegraph" qeyd edir ki, bu xəstəlik təxminən 20 faiz hallarda ölümcül olur.
"AstraZeneca" peyvəndi alanlarda tromboz və tromboemboliya əmələ gəlməsi ilə bağlı xəbərlər 2021-ci ilin yazından görünməyə başlayıb. Bundan sonra bəzi ölkələr dərmanın istifadəsini müvəqqəti olaraq dayandırdı, lakin şirkət özü tromboz ehtimalını istisna etdi. Avropa Dərman Agentliyi (EMA) da peyvəndi nəzərdən keçirdi və "AstraZeneca" peyvəndi ilə qan laxtalanma riski arasında əlaqəyə dair heç bir sübut olmadığını söylədi.
Sizin brauzer HTML5-i dəstəkləmir
Frankfurtdakı Göte Universitetinin professoru Rolf Marşalek hesab edir ki, "AstraZeneca" vaksinindən sonra trombozun baş verməsi vaksinin "Sars-Cov-2" virusunun sünbül zülalını insan orqanizminə çatdırmaq üçün istifadə etdiyi adenoviral vektorlarla bağlı ola bilər. Alimin versiyasına görə, sünbül zülalı sağlam hüceyrənin sitozolik mayesinə (koronavirus adətən zülalları orada istehsal edir) deyil, nüvəyə göndərilir. Bildirildiyinə görə, daha sonra sünbül zülalının hissələri parçalanır, hüceyrə membranına bağlana və immunizasiya doğura bilməyən mutasiyalar yaradır. Əvəzində zülalın mutant versiyaları təxminən 100 min adamdan birində qan laxtalanmasına səbəb olur. "The Financial Times" Marşalekin versiyasını elmi ictimaiyyətdə müzakirə edilən çoxlu versiyalardan biri adlandırıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 7 milyon civarında şəxsin vəfat etdiyi bildirilir. ÜST vursun sürətlə yayılmasının qarşısının alınmasında peyvəndləmənin mühüm rol oynadığını açıqlayıb. Ötən il pandemiyanın sona çatdığı elan edilib.