Nazirliyin aparat rəhbəri qəzayla bağlı ifadə verdi

Sizin brauzer HTML5-i dəstəkləmir

Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri

►Qəzanı törədən avtobus sürücüsünü siyahıya kim salıb?

Nəqliyyat Nazirliyinin Aparat rəhbəri Cavid Nəcəfov iyunun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, ötən il Avropa Oyunları öncəsi Bakıda avstriyalı atletlərin vurulduğu avtobus qəzası üzrə məhkəmədə şahid qismində dindirilib.

“75 NƏFƏR DÖVLƏT QULLUQÇUSU NECƏ TƏSƏRRÜFATLA MƏŞĞUL OLA BİLƏR?”

Dindirmə zamanı Cavid Nəcəfovla Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri olmuş, hazırda isə həmin qəza ilə əlaqədar həbsdə olan Hüseyn Salamov arasında mübahisə düşüb.

Aparat rəhbəri deyib ki, Avropa Oyunlarında nəqliyyatı idarə edəcək sürücülərin seçimi və siyahının hazırlanmasını Dövlət Avtomobil Nəqliyyatı Xidməti həyata keçirib. Şahidin sözlərinə görə, bu qurum təsərrüfat işləri ilə məşğul olub.

Hüseyn Salamov isə onun dediklərini təkzib edib: "Cəmi 75 nəfər dövlət qulluqçusu necə təsərrüfatla məşğul ola bilər?"

____________________________________________________________

Bunlara da bax:
Azərbaycanlılar kapitalı Türkiyəyə yatırır
"Nəzarət Palatası problemi malalamaqla məşğuldur"

____________________________________________________________

Avropa Oyunları Komitəsində avtobus deposunda baş dispetçer işləmiş Lalə Aşurzadə isə ifadə verərkən qəza törədən avtobusda nasazlıq olmasına inanmadığını deyib. Fikrini də belə əsaslandırıb:

"Biz nəzarət edirdik ki, sürücülər depodan vaxtında çıxsınlar, getdikləri ünvanları tanısınlar. İstifadədə olan avtobuslar hər gün texniki baxışdan keçirilirdi".

Qəza nəticəsində xəsarət almış avstriyalı idmançıları müayinə etmiş həkim Mətanət Səmədova, Nəqliyyat Nazirliyinin Nəqliyyatda Əlaqələndirmə və Lisenziya Şöbəsinin keçmiş müdiri Məzahir Məmmədov da şahid qismində dindirilib.

“SİYAHINI XİDMƏT HAZIRLAYIB”

Məzahir Məmmədov vəkillərin suallarına cavab verə bilmədiyinə görə onun istintaqa verdiyi ifadələr elan olunub. O, həmin ifadədə göstərib ki, sürücülərin siyahısını Dövlət Avtomobil Nəqliyyat Xidməti hazırlayıb və Avropa Oyunları Nəzarət Komitəsinə göndərib. Onun sözlərinə görə, əgər həmin siyahıdan qəza törədən sürücü Vəli Əhmədovun adı çıxarılsaydı, onunla əmək müqaviləsi bağlana bilməzdi.

Məhkəmə prosesi iyunun 10-da davam edəcək.

Xatırladaq ki, 2015-ci il iyunun 11-də "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq, Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç, Luna Pacer və Verena Breyti vurub.

Bu hadisə ilə əlaqədar məhkəmə qarşısına dörd nəfər çıxarılıb, onların arasında avtobusun sürücüsü Vəli Əhmədovla yanaşı, Nizami Rayon Polis İdarəsinin "Təhlükəsiz Şəhər" Xidmətinin keçmiş əməkdaşı Elçin Həsənov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi olmuş Hüseyn Salamov, Xidmətin Bakı Regional şöbəsinin Sərnişindaşımanın Tənzimlənməsi Sektorunun məsləhətçisi Fərid Əmiraslanov da var.

Sürücü Vəli Əhmədova qarşı CM-nin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsilə ittiham irəli sürülüb. Polis əməkdaşı Elçin Həsənov qəza baş verərkən "Təhlükəsiz şəhər" kameralarının lentə aldığı görüntüləri yaydığına görə cəzalandırılıb və ona CM-nin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsilə ittiham verilib. Nəqliyyat Nazirliyinin əməkdaşları isə sürücü Vəli Əhmədovun xəttə çıxmasına imkan verib, qəzanın qarşısını almamaqda günahlandırılır. Onlara qarşı CM-nin 314-cü (səhlənkarlıq) maddəsilə ittiham irəli sürülüb.

Digərlərindən fərqli olaraq, Fərid Əmiraslanov barəsində həbs-qətimkan tədbiri seçilməyib.