Aprelin 25-də Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan), "Eustream" (Slovakiya) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC-ın xəbərinə görə, mərasimdə Azərbaycan və Bolqarıstan prezidentləri İlham Əliyev və Rumen Radev də iştirak ediblər.
İmzalanma mərasimində habelə, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun videomüraciəti dinlənib.
Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün dörd ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü "Həmrəylik halqası" adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirildiyi bildirilən ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.
Azərbaycan 2020-ci ilin sonundan Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropaya qaz nəql edir.
Azərbaycan prezidenti elə bu gün, aprelin 25-də Bolqarıstana səfər edib.