Avropa Birliyi Şurasının Prezidenti Azərbaycandadır-yenilənir

Şarl Mişel, 25 may 2021

Azərbaycan Prezidenti: "...İndi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır."

İyulun 18-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransı olub.

AZƏRTAC-ın xəbərinə görə, Prezident İlham Əliyev deyib ki, "biz əməkdaşlığımız, planlarımız, nailiyyətlərimiz barədə çox səmərəli, uzun müzakirələr apardıq" :

"Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Avropa Birliyi bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa Birliyi ilə aparılır. Ötənilki ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa Birliyinə üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir... "

İlham Əliyevin qeyd etməsinə görə, gündəliyin mühüm hissəsi sözsüz ki, enerji təhlükəsizliyi ilə bağlıdır.

O, ötən il baş verən İkinci Qarabağ müharibəsinə də toxunub. Deyib ki, Azərbaycan ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğalına son qoydu :

"Ona görə də indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Biz buna hazırıq. Bu gün biz cənab Prezidentlə planlarımızı, təşəbbüslərimizi və yeni yaranmış vəziyyətə yanaşmalarımızı geniş şəkildə müzakirə etdik. Düşünürəm ki, nisbətən qısa zamanda xoş məram və çox praqmatik yanaşma nümayiş etdirməklə, biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə və bölgədə geniş regional əməkdaşlığın təməlini qoya bilərik. "

"Avropa Birliyi dəyərləri demokratiyanı,...dəstəkləyən siyasi layihədir. "

Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel isə əlaqələrə əlavə, növbəti təkan verməkdən danışıb :

"Hətta, Avropa Birliyi ilə Azərbaycan arasında tərəfdaşlığa strateji xarakter vermək istəyirik. "

O, bu ilin dekabr ayında keçiriləcək Avropa Birliyinin Şərq Tərəfdaşlığına həsr olunacaq Zirvə görüşünə hazırlıqdan da bəhs edib.

Şarl Mişel habelə Azərbaycan və Ermənistanla bağlı vəziyyətə də toxunub
Avropa Birliyi Şurasının Prezidentinin deməsinə görə, bu səfərdən öncə, bir neçə həftə əvvəl, onların regional vəziyyətin təhlili ilə bağlı fikir mübadiləsi aparmaq üçün dəfələrlə telefon söhbəti olub .O,iki ölkə arasında sərhəddin müəyyənləşməsi məsələsindən bəhs edərkən bunları deyib:

"Məsələn, sərhədlərin delimitasiyası məsələsidir və bunun üçün biz Avropanın ekspert yardımını göstərməyə, lazım olarsa və arzu edilərsə, Avropa monitorinqini etməyə hazırıq. Sərhədlərin delimitasiyasına gəldikdə, həmçinin mübahisə doğuran zonalara yaxın yerləşmiş silahlı qüvvələr məsələsi də var. Hesab edirəm ki, bu, mövzu da müzakirə edilməlidir. "

O sonra da deyib:

"Cənab Prezident, bu fikir mübadiləsinə görə bir daha təşəkkür edirəm. Avropa Birliyi dəyərləri demokratiyanı, insan hüquqlarını, azadlıqları dəstəkləyən siyasi layihədir. Lakin bu layihə, həmçinin qarşılıqlı maraq doğuran layihələrə nail olmaq üçün müəyyən sayda tərəfdaşlarla güclü tərəfdaşlığı inkişaf etdirmək istəyir. "

Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel iyulun 17-də Azərbaycana gəlib.Azərbaycandan öncə Ermənistanda olub.Bundan sonra isə Gürcüstana yola düşəcək.

Azərbaycan Avropa Birliyi (AB) ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb.Bura Azərbaycandan başqa Gürcüstan, Moldova, Ukrayna, Ermənistan və Belarus daxildir.

Gürcüstan, Moldova və Ukrayna artıq AB ilə assosiasiya sazişlərini imzalayıb. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib.10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi

***

Azərbaycan Prezidenti və Avropa Birliyi Şurasının Prezidenti mətbuat konfransı keçirir.
İyulun 18-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransı olub.
Mətbuat konfransından məlumatı birazdan təqdim edəcəyik.

***

Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel iyulun 17-də
Azərbaycana gəlib.

Bu gün, iyulun 18-də O, Bakıda Şəhidlər xiyabanını ziyarət edib.
Şarl Mişel iyulun 18-də habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub.

AZƏRTAC-ın xəbərinə görə, Şarl Mişel orada Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev-lə görüşüb.

Məlumata görə, nazir Rəşad Nəbiyev Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığının onun ölkəsi üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Habelə O, müxtəlif sahələrdə, eləcə də nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Diqqətə çatdırılıb ki, 2023-cü ildə Bakıda Beynəlxalq Astronavtika Konqresi keçiriləcək. Bildirildiyinə görə, bu beynəlxalq tədbir barədə məlumat verən Rəşad Nəbiyev Avropa Birliyinin Şurasının Prezidenti Şarl Mişeli həmin konqresdə iştirak etməyə dəvət edib.

Sonda Şarl Mişel Avropa Geostasionar Naviqasiya Xidmətinə məxsus antenlərin yerləşdirildiyi teleport stansiyası ilə tanış olub.

Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevlə də görüşü gözlənir.O, bundan əvvəl Ermənistanda səfərdə olub.

Azərbaycan Avropa Birliyi (AB) ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb.Bura Azərbaycandan başqa Gürcüstan, Moldova, Ukrayna, Ermənistan və Belarus daxildir.

Gürcüstan, Moldova və Ukrayna artıq AB ilə assosiasiya sazişlərini imzalayıb.2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir.