Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyində 15 il mühasib çalışmış Zərifə Abbasovanın həbsinə qərar verilib. Martın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində belə qərar çıxarılıb.
Bir ilə yaxındır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Z.Abbasovanın işinə baxılır. O, AB-nin Azərbaycandakı səfiri Peter Mixalko və nümayəndəliyin digər məsul şəxslərinin imza və möhüründən yaralanıb bir milyon manata yaxın vəsaiti mənimsəməkdə suçlanır.
Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham edilən Z.Abbasova həbsdə deyil. Həm istintaqda, həm də məhkəmədə hökm çıxanadək onun haqqında başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilmişdi. Ancaq martın 14-də onun işinə baxan hakimlər kollegiyası məhkəmə prosesinin əvvəlində verdikləri bu qərarı dəyişib və Z.Abbasova haqqında həbs-qətimkan tədbiri seçilməsinə qərar verib. Səbəb kimi onun məhkəmədən yayınması göstərilib.
Məhkəmədə bildirilib ki, Z.Abbasova daha öncə martın 7-də keçirilən məhkəmə iclasına da gəlməyib. O, gəlməməsinin səbəbi haqda nə məhkəməni bilgiləndirib, nə də sənəd təqdim edib.
Z.Abbasova öncəki məhkəmə iclaslarında sağlamlığı ilə bağlı problemlər olduğunu bildirmişdi.
Cinayət işinin materiallarında iddia edilir ki, Z.Abbasova aylıq hesabatları saxtalaşdırıb, oradakı rəqəmləri fərqli göstərərək səfir və daha bir diplomatın imzasını saxtalaşdırmaqla təşkilatın hesabından pullar çıxarıb. O, həmin vəsaitləri öz maaş kartına köçürərək bu yolla 983 min manatı mənimsəməkdə ittiham edilir.
Məhkəmədə bu ittihama münasibət bildirən Z.Abbasova özünü qismən təqsirli bildiyini söyləyib. O, çalışdığı təşkilatdan təxminən 50 min manatlıq yeyintini qəbul edir və yalnız buna görə özünü günahkar saydığını deyir.
Keçmiş mühasibə xüsusilə külli miqdarda mənimsəmə ilə yanaşı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib. Ona ittiham verilən maddələrdə 14 ilədək həbs cəzası nəzərdə tutulub.