Kanada Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasına qoşulub.
Bu missiyanın X səhifəsində dünən, aprelin 15-də ilk kanadalı ekspert Aleksandr Qruşevskini qəbul etdikləri bildirilir.
"Dəyərli əməkdaşlığa görə Kanadaya təşəkkür edirik", - missiyanın X səhifəsində yazılıb.
Kanadanın Aİ-dəki nümayəndəliyi özünün X səhifəsində bu faktı alqışlayıb: "Şadıq ki, kanadalı ekspert Aİ-nin Ermənistandakı missiyasına qoşularaq Kanadanın Aİ missiyalarında iştirak ənənəsini davam etdirir".
Hələ 2023-cü ilin iyulunda Kanadanın xarici işlər naziri Melani Joli bu ölkənin Aİ-nin Ermənistandakı missiyasında iştirak edəcəyini açıqlamış, onların missiyaya üçüncü tərəf kimi qəbul olunduğunu bildirmişdi.
Mülki missiya niyə yaradıldı...
2023-cü ilin yanvarında Aİ Azərbaycanla sərhəd ərazilərdə "sabitliyə töhfə vermək" məqsədilə Ermənistanda mülki missiya yaradıb. O zaman missiyada 100 nəfər var idi. Artıq orada 138 müşahidəçi var, sentyabradək onların sayı 209-a yüksəlməlidir.
Bakı dəfələrlə Aİ-nin Ermənistandakı Monitorinq Missiyasını tənqid edərək bildirib ki, "missiyadan Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunur. Kanadanın iştirakı isə onu faktiki NATO missiyasına çevirir".
Sizin brauzer HTML5-i dəstəkləmir
Bu missiyanın yaradılmasından öncə tez-tez Azərbaycan və Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı məlumatlar yayılırdı. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini günahlandırırdılar.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla Qarabağa, habelə işğal edilən digər ərazilərinə nəzarəti bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Bakı ərazilərinin 20 faizinə nəzarəti itirmişdi.