Avropa İttifaqı (Aİ) Ukraynaya təcavüzünə görə Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul edib. Bu barədə Avropa Xarici Siyasət Departamentinin rəhbəri Jozep Borrel Tvitter hesabında məlumat paylaşıb.
Diplomat qeyd edib ki, yeni sanksiyalar ən azı altı min ukraynalı uşağın deportasiyası və məcburi övladlığa götürülməsinə görə məsuliyyət daşıyanlara da təsir edəcək.
Yeni sanksiya siyahısına 121 nəfər, o cümlədən 96 təşkilat daxil edilib.
Brüssel 10-cu məhdudiyyətlər paketini Rusiyanın Ukraynaya təcavüzünün ildönümünə, fevralın 24-nə qədər qəbul etməyi planlaşdırsa da Polşanın etirazları səbəbindən gecikib.
Beləki Polşa Rusiyaya qarşı təklif olunan sanksiyaların çox yumşaq olduğunu bildirib. Bu səbəbdən də müzakirələr uzanıb və sənəd bir gün sonra qəbul edilib.
Fevralın 25-nə keçən gecə Varşava Rusiyanın almaz, rezin və nüvə sənayesi müəssisələri üçün də gələcəkdə sanksiyaların tətbiq ediləcəyi şərtindən sonra razılığa gəlib. Polşanın əsas rəqibləri Almaniya və İtaliya olub.
Buna da bax: ABŞ Kəşfiyyatının direktoru: Çin Rusiyaya silah verməyi düşünür, lakin hələlik qərar yoxdurAİ-nin yeni sanksiyalarla bağlı bəyanatına əsasən, məhdudiyyətlər ikili təyinatlı malların Rusiya ərazisindən tranzitinə şamil edilir. Rusiyaya xüsusi avadanlıq, ehtiyat hissələri və elektronikanın ixracı qadağandır.
Bundan əlavə, üç bank məhdudiyyətlərə məruz qalır. Onların adları hələ dəqiqləşdirilməyib.
“RT Arabic” və “Sputnik Arabic” telekanallarının yayımına da qadağa qoyulub.