Avropa İttifaqı “Putinin aşpazı” kimi tanınan Rusiya oliqarxı Yevgeni Priqojinin adını özünün sanksiya siyahısına salıb.
İttifaq onu Liviyaya silah çatdırlmasına dəstəkdə ittiham edir.
Bu barədə məlumat Aİ-nin rəsmi jurnalında dərc olunub.
Avropa İttifaqı bildirir ki, sözü gedən biznesmen Vagner özəl hərbi şirkətinin Liviyadakı fəaliyyəti ilə bağlıdır.
İttifaqın bəyanatında deyilir ki, Vagner qrupu Liviyada sülh və stabilliyə təhlükə yaradır.
Priqojin deyib ki, Avropa İttifaqının bu sanksiyaları onu “məyus” edib və onun Liviyada heç bir biznes maraqları yoxdur.
Sentyabr ayında ABŞ Mərkəzi Afrika Respublikasındakı fəaliyyətinə Rusiya prezidenti Vladimin Putinin yaxın çevrəsinə daxil Priqojinə bağlı adamlara və şirkətlərə qarşı sanksiyalar irəli sürmüşdü.
ABŞ maliyyıə naziri Steven Mnuchin demişdi ki, Priqojin bütün dünya boyunca tərəfdarlarının geniş şəbəkəsinə malidkdir.
Buna da bax: AB Rusiyaya sanksiya tətbiqinə başladı
Liviyada minədək döyüşçü
Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi sanksiya siyahısına Priqojinə yaxınlığı olan 5 nəfəri və üç şirkəti daxil etmişdi.
Bu şəxslər və şirkətlər Sudan, Honq Konq və Taylandda mənzilləniblər.
ABŞ Maliyyə Nazirliyi bildirir ki, Priqojinə bağlı şəbəkə Sudanın təbii sərvətlərindən şəxsi mənafe üçün istifadə edir və bütün dünyada ziyanlı fəaliyyətlə məşğuldur.
AВŞ bildirir ki, Vagner özəl hərbi şirkəti Priqojin tərəfindən maliyyələşdirilir.
May ayında Reuters agentliyi BMT ekspertlərinə istinadən yazırdı ki, Vagner şirkətinin Liviyda minədək döyüşçüsü var və onlar qiyamçı general Xəlifə Həftara dəstək verirlər.
Bu sənəddə deyilirdi ki, vaqnerçilərin böyük əksəriyyəti rusiyalılardır, lakin onların sıralarında Belarus, Moldova, Serbiya və Ukraynanın da vətəndaşları var.
ABŞ-da bu ölkənin seçkisinə müdaxilə etdiyinə görə Yevgeni Priqojinə qarşı cinayət işi qaldırılıb.