Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 5-də Azərbaycandan göndərilmiş bir neçə şikayət üzrə qərarlarını açıqlayıb.
Qərarlardan biri hazırda mühacirətdə olan jurnalist Əfqan Muxtarlının şikayəti ilə əlaqəlidir.
Həmin məhkəmə işi Ə.Muxtarlının 2017-ci ildə müvəqqəti yaşadığı Gürcüstandan oğurlanıb gizli şəkildə Azərbaycana gətirilməsi, pis rəftara məruz qalması, daha sonra onun həbs edilməsi və məhkəməyə qədər həbsdə saxlanmasının qanunsuzluğu iddiaları ilə bağlı idi. Ərizəçi iddia edirdi ki, məruz qaldığı bütün hərəkətlər onu susdurmaq və jurnalist fəaliyyətinə görə cəzalandırmaq məqsədi daşıyıb.
AİHM qərarında Gürcüstan dövlətinin ərizəçiyə münasibətdə Konvensiyanın 3-cü (işgəncələrin qadağan olunması) və 5-ci (azadlıq və toxunulmazlıq hüququ) maddələrinin pozulduğuna qərar verib.
Habelə Azərbaycana münasibətdə Konvensiyanın 5 və 8-ci (Şəxsi və ailə həyatına hörmət hüququ) maddələrinin pozulduğu hesab edilib.
Qərara görə, ərizəçiyə Gürcüstan hökuməti 10 min, Azərbaycan hökuməti isə 6 min avro mənəvi zərər əvəzi ödəməlidir. Bundan əlavə, ərizəçiyə xərcə, məsrəflərə görə Gürcüstan və Azərbaycan hökumətlərinin hərəsi ayrılıqda 2 min 500 avro ödəməlidir.
Hələlik, qərara Azərbaycanın və Gürcüstanın rəsmi qurumlarının münasibəti bəlli deyil.
Xatırlatma
Ə.Muxtarlı 2020-ci il martın 17-də həbsdən azad edilərək Almaniyaya, ailəsinin yanına göndərilib.
O, 2017-ci ildə həbs olunub, qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə günahlandırılaraq 6 il həbs cəzası alıb.
2014-cü ildən mühacirətə gedən jurnalist Gürcüstandan oğurlanaraq Azərbaycana gətirildiyini bəyan edib. O bu məsələdə Gürcüstanın hüquq-mühafizə orqanlarını da günahkar sayır. Amma həmin vaxt Gürcüstan baş naziri onlara qarşı ittihamların əsassız olduğunu açıqlamışdı.