Avropa Parlamentinin sədri Roberta Metsola yeznəsini özünün aparat rəhbəri təyin edib. Bu barədə "Politico" yazır.
Mettyu Tabone 2013-cü ildən Avropa Parlamentində Metsolanın yanında işləyir. O, yeni vəzifədə Letisiya Suleta de Reals Ansaldonu əvəzləyəcək. Ansaldo parlamentdə başqa vəzifəyə keçir.
Avropa Parlamentinin Maltadan üzvü Aleks Aqius Saliba Facebook-da Metsolanın addımını "azğın nepotizm" adlandırıb. Aqius Saliba Leyborist, Metsola onun əzəli rəqibi Milliyyətçi partiyasındandır.
"Təsəvvür edin ki, mən, yaxud Leyborist Partiyasının başqa bir üzvü ailə üzvünü ofisində yüksək vəzifəyə təyin edir", – Aqius Saliba yazıb.
Tabone illərlə Metsolanın yaxın köməkçisi olub, 2015-ci ildə onun bacısı ilə evlənib. Metsola daha sonra Avropa Parlamentinin sədri seçilib.
Metsolanın sözçüsü "Politico"ya bu təyinatla bağlı şərh verməyib.
Qalmaqallı təyinatlar
Nəşr yazır ki, Metsola bundan öncə də qalmaqala səbəb olan təyinatlar edib.
2022-ci ilin payızında Alessandro Kyokketti onun aparat rəhbərliyindən parlamentin baş katibi postuna yüksəlib. Kyokkettinin Metsolanın köməkçisi olanda həmin rola keçmək üçün favoritizmdən faydalandığı bildirilir. O, həmçinin gizli sövdələşmələrdən yararlanmaqda ittiham olunub. Belə ki, parlamentdə Kyokkettiyə siyasi dəstəyin təmin olunması üçün bir neçə yeni postlar yaradılıb.
Metsola və onun sağ-mərkəzçi Avropa Xalq Partiyası (EPP) Kyokkettini dəstəkləyib, yalnız parlament prosedurana əməl etdiklərini deyiblər.
"Bu, qurumun tarixində ən açıq proses olub. Vakansiya bir neçə ay açıq qalıb, hər kəs müraciət edə bilərdi... İlk dəfə idi ki, bir posta bir nəfərdən çox namizəd müraciət edirdi", – Metsola 2022-ci ilin sentyabrında deyirdi.