Avstriya mediasının xəbərlərinə görə Vyanadakı deportasiya mərkəzində saxlanan Dağıstan doğumlu şəxs özünü asıb.
Xəbər verilir ki, Rusiyada onun barəsində terrorçuluq maddəsi ilə cinayət təhqiqatı aparılırdı.
Həmin şəxs habelə “Vilayət Xorasan” islamçı qruplaşması ilə əlaqədə şübhəli bilinirdi.
Avstriyanın Kronen Zeitung qəzeti yazır ki, sözü gedən şəxs Rusiyaya deportasiyasından bir neçə saat əvvəl intihar edib.
Media intihar edənin kimliyini açıqlamır.
İstintaqın versiyası
İstintaqın versiyasına görə o bir tacik-türk ər-arvad cütlüyü və daha bir əslən tacikistanlı ilə Yeni il və Milad bayramları ərəfəsində Almaniyadakı Köln məbədinə və Vyanadakı müqəddəs Stefan kilsəsinə hücum hazırlayırmış.
Müstəntiqlər dağıstanlını “Vilayət Xorasan” qruplaşmasının üzvü hesab edirlər.
İslam Dövləti ekstremist təşkilatının əfqan qolu sayılan bu qruplaşma mart ayında Moskvadakı Crocus City Hall konsert kompleksinə hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü.
Lakin sübutların azlığına görə şübhəliyə qarşı ittiham irəli sürmək mümkün olmamışdı.
Məhz bu səbəbdən mayın sonlarında ilkin istintaq yekunlaşdıqdan sonra fiqurantlar deportasiya mərkəzinə gətirilmişdilər.
Hüquq-mühafizə orqanlarının rəsmi sənədlərində bu şübhəlilərin “xüsusilə təhlükəli şəxslər” olduğu bildirilir.
Deportasiya olunanlar
Şübhəlilərdən biri artıq Tacikisitana deportasiya olunub. Sözü gedən qrupdakı yeganə qadın Türkiyə hakimiyyət orqanlarına təslim edilib. Onun tacik əri Türkiyədən siyasi sığınacaq istəyib. Onun bu istəyi rədd edilərsə, o da Tacikistana ekstradisiya olunacaq.
AzadlıqRadiosu yazır ki, ötən yanvarda Vyanadakı deportasiya həbsxanasının qarşısında çeçenistanlıların mitinqi olmuşdu.
Bu mitinqdə Avstriya həbsxanalarında olan qaçqınların hüquqlarının pozulmasına etiraz bildirilirdi.
Noyabr ayında Almaniyanın Brandenburq federal ərazisində 16 yaşlı əslən çeçenistanlı həbs olunmuşdu.
Polisin versiyasına görə o Milad bazarında terror aktına hazırlaşırdı.
Onun əlbiri sayılan başqa bir 15 yaşlı yeniyetmə isə Şimali Reyn Vestfaliyada həbs edilmişdi.