'Köhnə maşınlarda bahalaşma olacaq'

Sizin brauzer HTML5-i dəstəkləmir

Köhnə maşını olanların diqqətinə! (Arxiv. 2017)

Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox minik avtomobillərinin Azərbaycana gətirilməsi məhdudlaşdırılıb. Bununla bağlı martın 29-da Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu addım avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması, ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə izah edilib. Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Avtomobillərin çoxunun 10-dan çox yaşı var

Qərarın özündə vurğulanır ki, Azərbaycanda 1.4 milyondan çox minik avtomobili mövcuddur. Bunun 1.3 milyondan çoxu şəxsi minik avtomobillərinin payına düşür. Həmin avtomobillərin 80 faizinin yaşı 10 ildən çoxdur.

Buna da bax: Maşın bazarı açıldı: 'Mayasından ucuz veririk, satılmır'

Amma hazırda bəzi sosial şəbəkə istifadəçiləri də şikayətlənir ki, sözügedən qərar gömrükdə korrupsiya hallarına gətirib çıxara bilər. Üstəlik, hesab edirlər ki, qərarın cəmi 30 gün sonra qüvvəyə minməsi əlavə problemlər doğuracaq, çünki bəzən avtomobillərin xaricdən gətirilməsi 1 aydan çox çəkir.

Dövlət Gömrük Komitəsindən "Turan"a bildirilib ki, 29 marta qədər, 29 mart da daxil olmaqla, ödənişi edilmiş avtomobillərin Azərbaycana gətirilməsinə icazə veriləcək: "Müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulub".

V.Əhmədov

Deputat: "Qərar düzgündür"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan"a deyib ki, qərar qüvvəyə minəndən sonra köhnə maşınlarda bahalaşma olacaq: "Çünki 2013-cü ildən tez istehsal olunan maşınlar ölkəyə buraxılmayacaq".

Deputat hesab edir ki, verilən qərar düzgündür: "Çünki burada ekoloji məsələ var və bu, çox ciddidir. Azərbaycanda, xüsusən də Bakıda ekoloji vəziyyət o qədər də ürəkaçan deyil".

Onun sözlərinə görə, dünya iqtisadiyyatında elektrik avtomobillərinin istehsalı genişlənməkdədir: "Bunlar kifayət qədər ekoloji təmiz avtomobillərdir. Yaxşı olardı ki, Azərbaycanda da belə avtomobillərin istehsalına başlansın. Biz Türkiyə ilə birgə müəssisə yarada bilərik".

Buna da bax: 'Sovet maşınları'ndan niyə yaxa qurtarmaq olmur?

"Bəli, bu, ikinci əl avtomobillərin…"

Başqa bir deputat Rüfət Quliyev də agentliyə deyib ki, avtomobil idxalının məhdudlaşdırılması korrupsiya üçün yol aça bilməz: "Çünki bu gün gömrüyün də daxil olduğu maliyyə-iqtisadi sistemdə bütün qurumlar bir-birinə o qədər sıx əlaqədədir ki, bir qurumun xəbəri olmadan digəri nəyisə edə bilməz".

Deputatın fikrincə, bu qərar müəyyən dəyişikliklərə səbəb olacaq - insanlar daha çox çalışacaqlar yeni, amma nisbətən ucuz avtomobillər alsınlar: "Bəli, bu, ikinci əl avtomobillərinin qiymətlərinin balaca artımına gətirib çıxara bilər. Amma, digər tərəfdən, Bakı artıq boğulur və ekoloji vəziyyəti yaxşılaşdırmaq lazımdır".

N.Cəfərli

"Hökumət ekologiyanı düşünsəydi…"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, qərarın başqa səbəbi də ola bilər: "Səbəb, yəqin ki, ölkədən daha çox valyutanın çıxmasının qarşısını almaqdır, çünki insanlar daha çox ucuz və köhnə maşınları xaricdən alırdı. Bizdə isə hökumət çalışır ki, mümkün qədər ölkədən valyuta az çıxsın. Bunun nümunəsi – xaricdən sifarişi 1 min dollardan 300 dollara saldılar, şəxsi tələbat üçün xaricdən mal gətirəndə limiti 800 dollara endirdilər".

Cəfərli də hesab edir ki, qərarın nəticəsi kimi bazarda köhnə avtomobillərin qiyməti artacaq, qərarın ekoloji baxımdan əks təsiri də ola bilər: "O mənada ki, insanlar yeni və bahalı maşınları almayacaq, köhnə maşınlara diqqətlə yanaşacaq, onları təmir edəcəklər, istismar dövrünü uzadacaqlar. Bu səbəbdən də ehtiyat hissələrinə tələbat artacaq".

İqtisadçının sözlərinə görə, hökumət, həqiqətən də, ekologiyanı düşünsəydi, ölkəyə gətirilən yeni avtomobillərə vergi, aksiz və rüsumları aşağı salardı.