Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Elxan Əliyevin infarkt keçirdiyi bildirilir.
Bu barədə AXCP-nin digər üzvü Ceyhun Novruzov məlumat verib. O deyib ki, noyabrın 4-də E.Əliyev ona zəng vuraraq özünü pis hiss etdiyini söyləyib: "Özünü pis hiss elədiyini, saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasının həkimlərinə müraciət etdiyini dedi. Elxanın sözlərinə görə, həkimlər onu müayinə ediblər və infarkt keçirdiyini bildiriblər".
C.Novruzov qeyd edib ki, bu diaqnoza baxmayaraq E.Əliyevi, hələlik, müalicə müəssisəsinə yerləşdirməyiblər. Onun sözlərinə görə, E.Əliyev hələ azadlıqda olarkən insult keçirib.
Bütün bu deyilənlərə Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.
Elxan Əliyevin həbsi...
E.Əliyevi bu il iyulun 26-da polis saxlayıb. Məhkəmə onun haqqında həbs-qətimkan tədbiri seçib. Ona və başqa iki nəfərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. Onlar vətəndaşın etibarından sui-istifadə edərək torpaq sahəsini saxta sənədlər əsasında satmaqda ittiham olunurlar.
E.Əliyev özünü təqsirli bilmir və həbsini öz siyasi fəaliyyəti ilə əlaqələndirir.
Müxalifətdə olan AXCP-nin hazırda beşə qədər üzvü müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir. Partiya onların da siyasi əsaslarla şərləndiyini açıqlayıb.
Amma rəsmilər ölkədə siyasi motivli həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar deyir ki, siyasi məhbus sayılan şəxslər sırf törətdikləri əməllərə görə məsuliyyətə cəlb ediliblər.