«Məni Masallı rayonun Hişkədərə kənd orta məktəbindən çıxartdılar. Bu məktəbə guya qanunsuz yerdəyişmə ilə gəldiyimi səbəb göstərdilər». Bunu AzadlıqRadiosuna kənd məktəbinin keçmiş tarix müəllimi Cəlil İmanov bildirib.
C.İmanov deyir ki, 2012-ci ildə Təhsil Nazirliyində müsabiqə imtahanı verdikdən sonra Masallı rayon Lürən kənd məktəbinə göndərilib. Amma fiziki sağlamlığı ilə bağlı yaşadığı Hişkədərə kənd məktəbinə göndərilməsi xahişi ilə Masallı rayon Təhsil Şöbəsinə müraciət edib: «Təhsil şöbəsində müraciətimə baxdılar və məhz şöbənin razılığı ilə Hişkədərə məktəbinə tarix müəllimi olaraq göndərildim. İndi isə bu yerdəyişməni qanunsuz adlandıraraq məni işdən azad ediblər».
C.İmanov deyir ki, qanunsuz yerdəyişmə ittihamı əsassızdır. Əsas səbəb siyasi baxışları və AXCP üzvü olmasıdır: «Əsas səbəb budur, görünür, hakimiyyət 2018-ci il seçkiləri öncəsi «təmizlik»lərə başlayıb».
***Buna da bax-Cəbhəçi və xanımı işdən çıxarılıb
Masallı rayon Təhsil Şöbəsindən də C.İmanovun qanunsuz yerdəyişməyə görə məktəbdən azad edildiyini təsdiqləyiblər. Şöbədən həmçinin deyiblər ki, o, intizamı pozub, sinif rəhbəri kimi funksiyalarını yerinə yetirməyib. «Əmri alanda, hansı səbəblərə görə işdən azad edildiyini biləcək»,- deyə rayon təhsil şöbəsindən bildiriblər.
Ötən həftə AXCP Neftçala rayon şöbəsinin sədri Əflatun Əhmədli işlədiyi Mayak kənd orta məktəbindən, onun xanımı isə 3 saylı orta məktəbdən çıxarılmışdı. Rayon təhsil şöbəsi bunu onların intizamı pozmaları, məktəbdə siyasi fəaliyyətlə məşğul olmaları və hakimiyyət əleyhinə danışmaları ilə izah etmişdilər.
Ə.Əhmədzadə isə AzadlıqRadiosuna demişdi ki, göstərilən səbəblər bəhanədir. Onu təhsil şöbəsinə çağıraraq ya AXCP, ya da iş dilemması qarşısında qoyublar. O da əqidəsini üstün tutub.
AXCP bu halları Milli Şuranın 8 aprel aksiyasından sonra hakimiyyətin onlardan qisas alması kimi dəyərləndirir.