Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Ruslan Əmirovun bu gün, aprelin 9-da Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası aldığı bildirilir.
Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.
Məlumatda qeyd edilib ki, o, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə ittiham olunub.
Partiyadan Ruslan Əmirovun həbsini siyasi sifariş adlandırıblar.
Bu deyilənlərə, hələlik, Nərimanov Rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.
Amma rəsmilər bir qayda olaraq ölkədə siyasi sifarişlə həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.
Ruslan Əmirovun ictimai əsaslarla AXCP sədri Əli Kərimlinin mühafizəçisi olduğu deyilir.
***
Bugün, aprelin 9-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Ruslan Əmirovu polisin saxladığı deyilir. Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.
Məlumata görə, R.Əmirovu tibb mərkəzlərinin birinin yanında saxlayıblar: "Uşağı həkimə aparıb. Elə uşağının yanında saxlayıblar. Uşağı qohumu yanına, Ruslanın özünü isə polis bölməsinə aparıblar".
Partiyadan R.Əmirlinin saxlanılmasını onun siyasi fəaliyyəti ilə əlaqələndirirlər.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev isə "Turan" agentliyinə söyləyib ki, bu deyilənlər barədə heç bir məlumata malik deyil.
Elə bugün, AXCP-nin başqa bir fəalı - Faiq Əmirlinin də İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 30 sutka inzibati həbs edildiyi bildirilib.
Partiyadan hesab edirlər ki, hakimiyyət koronavirusla bağlı karantin rejimindən müxalif insanları cəzalandırmaq üçün istifadə edir. Rəsmilər isə bu ittihamı qəbul etmirlər.
Xatırlatma
Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 88 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda da 822 nəfərin koronavirus infeksiyasına yoluxduğu və 8 nəfərin vəfat etdiyi bildirilir. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.
Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. 10 gün sonra, martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxırlar. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.