Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-nin) üzvü Elnur Həsənova 3 il həbs cəzası kəsilib. Avqustun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində belə hökm verilib.
Cəbhəçi fəalın 39 yaşı var və o, 8 aydan çoxdur narkotik ittihamıyla həbsdədir. Cinayət işinin materiallarında iddia olunur ki, saxlanılarkən onun cibindən 5 qramdan çox narkotik tapılıb. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham verilib.
Avqustun 2-də məhkəmədə prokuror da elə həmin maddə ilə E.Həsənova 6 il 6 ay cəza istəyib.
Müvəkkilinin təqsirsiz olduğunu söyləyən vəkil Nemət Kərimli ona bəraət verilməsini istəyib. Vəkil bu cinayət işində çoxsaylı qanun pozuntularını vurğulayaraq, ortada iki polisin ifadəsindən başqa heç bir sübutun olmadığını deyib. O, həmin iki ifadənin, az qala, nöqtə-vergülünədək bir-birini təkrarladığını diqqətə yetirib. Bu da, o polislərin istintaq vaxtı hazır ifadələrə imza atdığını düşünməyə əsas verir.
N.Kərimli əlavə edib ki, E.Həsənovun qardaşı 2020-ci ildə 44 günlük müharibədə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olub və ona şəhid statusu verilib.
Buna da bax: İqbal Əbilovdan xəbər var“Kimi şərləyirlər, yazırlar ki, üstündən narkotik çıxıb”
Cəbhəçi fəalın özü də son sözündə şərlənərək həbs olunduğunu deyib. O, siyasi baxışlarına, o cümlədən sosial şəbəkələrdəki tənqidi paylaşımlarına görə narkotiklə şərlənərək cəzalandırıldığını bildirib.
E.Həsənov həbsindən öncə qanunsuz cərimələr yazdıqları üçün yol polislərin fəaliyyətini tənqid edən paylaşımlarına diqqət çəkib. O, Facebook hesabında buna etiraz olaraq, Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun vəzifədən çıxarılmasını tələb etdiyini bildirib.
“Kimi şərləyirlər, yazırlar ki, üstündən narkotik çıxıb, onu yerdən tapmışdı? Narkotik bostanda bitir ki, elə hamımız yerdən narkotik tapaq? Necə olur ki, hamımız yerdən narkotik tapırıq?”, - E.Həsənov son sözündə belə deyib.
Onun çıxışının ardından müşavirəyə gedən hakimlər bir neçə dəqiqə sonra geri qayıdaraq, hökmü açıqlayıblar. Hökmə görə, E.Həsənova qarşı ittiham nisbətən yüngülləşdirilərək, CM-in 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif olunub – ittihamdakı satış məqsədi çıxarılıb. Bu maddə ilə də ona 3 il həbs cəzası kəsilib.
Vəkil Nemət Kərimli AzadlıqRadiosuna hökmdən apellyasiya şikayəti verəcəklərini bildirib.
Xatırlatma
İndi AXCP-nin 10 nəfərə yaxın üzvü həbsdədir.
Son illərdə onlarla ictimai-siyasi fəal narkotik ittihamıyla həbs edilib. İttihamla razılaşmayan fəallar hökumətin ünvanına səsləndirdikləri tənqidlərə, sosial mediadakı paylaşımlara görə şərlənərək cəzalandırıldıqlarını deyirlər. Onlar narkotiki ciblərinə polislərin atdığını, işgəncə altında etiraf ifadəsi verməyə məcbur qaldıqlarını deyirlər.
Daxili İşlər Nazirliyi fəalların narkotiklə şərlənməsi, işgəncəyə məruz qalması haqda dediklərini təkzib edir. Nazirliyin mətbuat xidməti iddia edir ki, onlar konkret faktlar əsasında saxlanılıblar.