"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin üzvü Ayxan İsrafilovun cəzaçəkmə müəssisəsində təzyiqə məruz qaldığı bildirilir.
Fəalın anası Əminə İsrafilova AzadlıqRadiosuna bildirib ki, oğlu Umbakı təcridxanasında saxlanırdı və Bakı Apellyasiya Məhkəməsinin qərarından sonra iyunun 29-da cəzaçəkmə müəssisəsinə köçürülüb: "Amma bizim onu hansı cəzaçəkmə müəssisəsinə apardıqları barədə məlumatımız olmayıb. Penitensiar Xidmətdən maraqlandıq, bizə demədilər. Ombudsman Aparatından bizə Ayxanın 17 saylı Cəzaçəkmə Müəssisəsində karantində olduğunu dedilər".
Ə.İsrafilovanın sözlərinə görə, üstündən iki həftə keçməsinə baxmayaq, oğlu ilə əlaqə saxlaya bilməyib: "Dünən, iyulun 14-də 17 saylı Cəzaçəkmə Müəssisəsinə getdik, sənədlərimizi verdik, bir saat qəbulu gözlədik, axırda dedilər ki, burada yoxdur. Oradan yaxında olan 2 saylı Cəzaçəkmə Müəssisəsinə getdik. Həmin prosedurdan yenidən keçəndən sonra dedilər ki, burada da yoxdur. Axırda 10 saylı Cəzaçəkmə Müəssisəsindən dedilər ki, buradadır, görüşə icazə verdilər".
"Sillə və yumruqla döyüb karsa salıblar"
Fəalın anası bildirib ki, A.İsrafilov çəki itirib, səhhəti da yaxşı deyil: "Dedi ki, cəzaçəkmə müəssisəsinə köçürüləndə əşyalarının yoxlanışı zamanı dərmanları görüblər. Ayxan da deyib ki, 2-ci qrup əliləm, ağrıkəsici dərmanlarımdır. Dərmanları əlindən almaq istəyəndə Ayxan etiraz edib. Ona görə onu sillə və yumruqla döyüb karsa (cərimə kamerası) salıblar. Karsda ona çirkli paltar veriblər. Yemək də o qədər keyfiyyətsiz olub ki, 14 günə cəmi dörd yumurta yeyib. Başağrısından əziyyət çəkəndə dərman istəyib, onu da verməyiblər".
Ə.İsrafilova oğlunun hələ də karsda saxlanıldığını söyləyib. O, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edəcəyini vurğulayıb.
Penitensiar Xidmət təkzib edir
Penitensiar Xidmətdən A.İsrafilovun anasının dediklərini təkzib ediblər.
"Məhkum Ayxan İsrafilov işçi heyət və məhkumlar tərəfindən fiziki, mənəvi təzyiqlərə, işgəncələrə məruz qalmayıb. Həmçinin, A.İsrafilova qanunvericilikdə nəzərdə tutulmuş qaydada və sayda, digər məhkumlar kimi, ailə üzvləri ilə görüşmək, telefonla zəng etmək, sovqat qəbul etmək üçün şərait yaradılır. Gündə üç dəfə isti, keyfiyyətli qida ilə təmin edilir, hüquqları və qanuni mənafeləri qorunur", - qurumdan "Turan"a bildiriblər.
Xidmətdən İsrafilovun dərmanlarının əlindən alınması ilə bağlı deyilənlərə isə belə cavab veriblər: "Müəssisəyə daxil olarkən... üzərində olan dərman vasitələri müvafiq yoxlama və təyinatı üzrə istifadə edilməsinə nəzarət məqsədilə götürülüb, müvafiq prosedur başa çatdıqdan sonra özünə geri qaytarılıb".
A.İsrafilov Cinayət Məcəlləsinin 234.1-1-ci (narkotik vasitələri saxlama və yayma) maddəsi ilə bu il aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində 3 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamı qəbul etmir.
Xatırlatma
Ötən il avqustun 1-də "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası və "Kuryer Birliyi" Həmkarlar İttifaqı etiraz aksiyası keçirib. Onlar kuryerliklə məşğul olan şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etiraz ediblər. Elə həmin gün bu konfederasiyanın sədri Afiyəddin Məmmədova polisə müqavimət və xırda xuliqanlıq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilib. O, inzibati həbsdən buraxılandan az sonra yenidən saxlanıb. Bu dəfə onun haqqında cinayət işi başlanıb və hazırda da həbsdədir. A.Məmmədova Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham verilib.
Bu təşkilat üzvlərinin həbsləri sonra da davam edib.
Avqustun 4-də "İşçi Masası"nın üzvü Elvin Mustafayev narkotik ittihamı ilə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində ona 3 il həbs cəzası verilib. E.Mustafayevdən bir neçə gün sonra isə A.İsrafilov həbs edilmişdi.
Adları çəkilən ictimai fəalların hamısı ittihamların saxta olduğunu, işçilərin hüquqlarını müdafiə etdiklərinə, ölkədəki özbaşınalıqlara etirazlarına görə şərləndiklərini deyir. Hökumət rəsmiləri isə ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını vurğulayırlar.