Moskvanın Arbitraj Məhkəməsi martın 13-də Azad Avropa/AzadlıqRadiosunun maraqlarını təmsil edən Azad Avropa/AzadlıqRadiosu MMC-ni müflis elan edib.
Məhkəmə iddiasını Rusiyanın Federal Vergi Xidməti qaldırmışdı.
Bunun ardınca müsabiqə elan edilib və müsabiqə rəhbəri təyin olunub.
AzadlıqRadiosunun müflis (bankrot) elan edilməsinə səbəb bu təşkilatın onun 9 rusdilli layihəsinin, o cümlədən Rus xidmətinin internet saytının üzərinə qoyulmuş milyonlarla dollarlıq cərimələri ödəməkdən imtina etməsi olub. Başqa sözlərlə AzadlıqRadiosu “xarici agentlər” haqqında qanunun tələblərini yerinə yetirməyib.
AzadlıqRadiosu sözü gedən qanunun müddəalarını jurnalistlərin peşə fəaliyyətinə mane olan siyasi senzura adlandırıb.
Media korporasiyası Rusiya hökumətinin qərarlarından Rusiya məhkəmələrinə, habelə Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət edib.
Buna da bax: ‘Cəsəd yoxdursa, ödəniş də yoxdur’. Vaqner ölümləri ailələrdən gizlədirMilyonlarla dollarıq cərimələr
AzadlıqRadiosu MMC üzərinə qoyulmuş inzibati cərimələrin toplam məbləği 1 milyard rubldan (14 milyon dollar) çoxdur.
Rusiya məhkəmələrində MMC-yə və onun baş direktoruna qarşı iddialarla bağlı 1200-dək işə baxılır.
2021-ci ilin mayında AzadlıqRadiosunun Rusiyadakı hesabları dondurulub.
Rusiya xəzinəsinə vergilərin köçürülməsinin mümkün olmaması təşkilata qarşı müflislik prosedurunun başlanmasına rəsmi əsas hesab edilib.
2022-ci ilin martında Rusiyanın Ukraynaya qarşı tammiqyaslı təcavüzünün başlanmasından dərhal sonra Roskomnadzor dövlət orqanı AzadlıqRadiosunun saytlarını bloklayıb.
AzadlıqRadiosunun 1991-ci ildə ovaxtkı prezident Boris Yeltsinin qərarı ilə açılmış Rusiya bürosu bu ölkədə fəaliyyətini dayandırdığını və Riqada yeni ofis açdığını bəyan edib.
Buna da bax: Putinə qarşı çıxanlar indi də bir-birləri ilə didişirlər2022 ən uğurlu il olub
AzadlıqRadiosunun prezidenti Ceymi Flay (Jamie Fly) deyib ki, Rusiya hakimiyyətinin son hərəkətləri AzadlıqRadiosunun fəaliyyətinə qarşı aparılan çoxillik kampaniyanın kulminasiyasıdır.
AzadlıqRadiosunun 30 əməkdaşının adları Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” siyahısına salınıb.
Saytlarının bloklanmasına və başqa formada təzyiqlərə baxmayaraq AzadlıqRadiosu fəaliyyətini tam həcmdə davam etdirir.
Bu da qeyd olunmalıdır ki, 2022-ci il Rus xidmətinin 70 illik fəaliyyətində statistik baxımdan ən uğurlu il olub.
AzadlıqRadiosu ABŞ Qlobal Mediası qurumunun vasitəsilə ABŞ Konqresi tərəfindən maliyyələşdirilən müstəqil media korporasiyasıdır.
AzadlıqRadiosu 23 ölkədə 27 dildə xəbərlər yayır.