AzadlıqRadiosunun Türkmənistanda keçmiş müxbiri ölkənin şimalındakı Köneürgenç şəhərində uzun xəstəlikdən sonra vəfat edib. Tərəfdarları onun jurnalist fəaliyyətinə görə hakimiyyətin təzyiqi nəticəsində xəstəlik tapdığını deyirlər.
Hudayberdı Allaşov avqustun 13-də 35 yaşında vəfat edib, ertəsi gün dəfn olunub.
Anası ilə birgə həbs
Allaşov 2016-cı ildə üç ay müddətinə "Mekan Taşlıyev" təxəllüsü ilə AzadlıqRadiosu üçün işləyib. O, Daşoğuz vilayətində pambıq yığımında hökumətin icbari əməkdən istifadəsi, ərzaq çatışmazlığı, dövlət qulluqçularının maaşlarının gecikdirilməsi kimi mövzuları işıqlandırıb.
2016-cı ilin dekabrında o, anası ilə birlikdə ölkədə qadağan edilən nasvayı (çeynənən tütün) saxlama ittihamı ilə həbs edilib. AzadlıqRadiosunun məlumatına görə, Daşoğuz rəsmiləri Allaşovun kimliyindən o, həbs olunan gün xəbər tutublar.
Mənbələrin radioya dediyinə görə, Allaşov Köneürgenç polis bölməsində işgəncəyə məruz qalıb, ona elektroşok verilib. Polis onun arvadını və iki övladını da dindirib.
2017-ci ilin fevralında Allaşov və anasına 3 il şərti cəza verilib. Diplomatlar və insan haqları qrupları onu azadlığa buraxmağa çağırmışdı. Allaşov təhlükəsizlik səbəbindən AzadlıqRadiosu ilə işləməyi dayandırıb.
Sonrakı həbslər
H.Allaşov 2019-cu ilin oktyabrında yenidən həbs edilib, dindirilmə zamanı bir neçə saat döyülüb. Anası Kurbantaç Arazmedova oğlunun həbsi stressindən xəstələnib, ürəktutmadan xəstəxanada keçinib.
Allaşovun sözlərinə görə, 2019-cu ilin noyabrında polisdə dindirilmə zamanı ona "məzara yola salanacan" ondan əl çəkməyəcəklərini deyiblər.
O, 2023-cü ilin dekabrında yenidən saxlanıb. Bu dəfə polis ona deyib ki, uzun müddətə həbs olunacaq. Ancaq insan haqları qrupları və diplomatların hərəkətə keçməsindən sonra ona 15 günlük həbs kəsilib.
Allaşov ailəli idi, iki azyaşlı övladı qalıb.