Azərbaycan sentyabrın 17-də 32 erməni hərbçisinin meyitini qarşı tərəfə verib.
Bu barədə Azərtac Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası-na istinadla məlumat yayıb.
Sentyabrın 12-14-də Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı silahlı toqquşma olub. Hadisələrin səngiməsindən sonra Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayaraq birtərəfli qaydada 100 erməni hərbçisinin meytini Yerevana verməyə hazır olduğunu bildirib. İndiyə qədər Ermənistan 135 hərbçisini itirdiyini bildirib və amma bunun son rəqəm olmadığı da qeyd olunub.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hadisələr zamanı Azərbaycan 77 hərbçisini itirib. Həlak olanların hamısının adını açıqlanıb. Sentyabrın 17-də isə nazirlik 282 hərbçinin yaralandığı marədə məlumat yayıb. Bundan başqa məlumatda hadisələr zamanı iki mülki vətəndaşın da yaralandığı qeyd olunur.
Məlumatda həmçinin bildirilir ki, hazırda Ermənistan hərbçilərinə aid digər meyitlərin müayinəsi aparılır və yaxın zamanlarda onlar da təhvil veriləcək”.
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycan və Ermənistan sərhəd bölgəsində silahlı toqquşma olub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələri Azərbaycan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədiblər.
Ermənistan Müdafiə nazirliyi də sərhəddəki ailahlı toqquşmaya görə Azərbaycanı günahlandırıb.
Buna da bax: Həlak olan hərbçilərdən kimin kredit borcu olub, silinibXatırlatma
Azərbaycan 2020-ci ildə 44 günlük savaş nəticəsində Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb. Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.
Azərbaycan və Ermənistan liderləri bu il Şarl Mişelin vasitəçiliyi ilə üç görüş keçiriblər. 31 avqust görüşündə iki ölkənin xarici işlər nazirlərinə sülh sazişinin mətni üzərində işləmək tapşırılıb.
Sizin brauzer HTML5-i dəstəkləmir