Azərbaycandan Avropa Şurasının Parlament Assambleyasına (AŞPA) ölkədə sentyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün rəsmi dəvət göndərilməyib.
Bu barədə “Turan”a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə məlumat verib.
O qeyd edib ki, Xarici İşlər Nazirliyi 7 beynəlxalq təşkilatı dəvət edib:
“ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı XİN-in dəvət etdiyi təşkilatlardır”.
Amma, hələlik, AŞPA-ya dəvətin göndərilməməsinin səbəbləri ilə bağlı rəsmi açıqlama yoxdur.
Bundan əvvəl bu ilin fevralında Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə də bağlı da AŞPA-ya dəvət göndərilməmişdi.
Bu il bu qurumla Azərbaycan arasında müəyyən gərginlik də yaşanıb. AŞPA-nın yanvar sessiyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ tanınmayıb.
Buna səbəb kimi əməkdaşlıqda problemlərin yaşanması və Azərbaycanın insan hüquqları ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi göstərilb.
Azərbaycan da iradları qəbul etməyərək, buna cavab olaraq qurumda fəaliyyətini dayandırdığını açıqlayıb.
Buna da bax: Əliyev ABŞ prezidentlərinə hansı prizmadan baxırXatırlatma
Azərbaycanda sentyabrın 1-nə növbədənkənar parlament seçkiləri təyin olunub. Halbuki seçkilərin bu ilin noyabrında keçiriləcəyi gözlənirdi.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) həmin ay ölkədə BMT-nin iqlim konfransını (COP29) səbəb göstərərək parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış edib. Təşəbbüs parlamentdə qəbul edilib.
Bundan beş il əvvəl də YAP parlamentin özünü buraxması və erkən parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Onda partiya bunu prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi ilə izah etmişdi.
Nəticədə parlament seçkiləri vaxtından altı ay əvvəl baş tutmuşdu. Sonradan əvvəlki tərkibin əksəriyyətinin yenidən parlamentə düşməsi bir çoxlarının tənqidinə səbəb olmuşdu.
Müxalifət partiyaları isə bəyan etmişdilər ki, hakimiyyət seçkiləri önə çəkməklə onu tez-tələsik saxtalaşdırmaq məqsədi güdür.
Hakimiyyət rəsmiləri isə ölkədə seçkilərin xalqın iradəsini ifadə etdiyini vurğulayırlar.