Britaniyalı lobbiçilər Azərbaycandan 'ətraf mühit qoruyucusu' yaratdıqları üçün ittiham olunublar

Bakıda COP29 iqlim konfransının geri sayımı (Foto arxiv)

Britaniyalı siyasətçilərə yaxın "Teneo" lobbi şirkəti COP29 iqlim sammiti öncəsi Azərbaycanın imicini yaxşılaşdırmaq üçün 4.7 milyon dollar pul alıb. "Democracy for Sale" (Satılan Demokratiya) təşkilatının araşdırmasında belə deyilir.

Araşdırmada Azərbaycanın "ətraf mühitlə bağlı məsuliyyətli imicini yaratmaq" üçün Böyük Britaniyanın keçmiş hökumət üzvlərinin də çalışdığı nəhəng bir şirkətin media təlimləri keçirdiyinə və "ölkənin narrativlərinin inkişafına dair" məsləhətlər verdiyinə diqqət çəkilir.

Bakıda lobbiçilərə Ceff Morrell başçılıq edir. O, Azərbaycanın ən böyük xarici yatırımçısı, BP şirkətinin keçmiş yönəldicisi olub.

Yarım iş günü çalışacaq britaniyalı məsləhətçilərə ayda 25-50 min dollaradək bonuslar ödəniləcək. Lobbiçilər arasında keçmiş baş nazir Boris Consonun baş biznes məsləhətçisi Aleks Hikman da var.

COP29-un Azərbaycanda keçirilməsini tənqid edənlər ölkədə gəlirlərin 60 faizinin neft-qaz satışından gəldiyini, insan haqları ilə bağlı durumun ürəkaçan olmadığını deyirlər.

Teneo və Azərbaycan hökuməti araşdırmaçılara məsələ ilə bağlı şərh verməyib.

Bu yaxınlarda sosial şəbəkələrdə milyonlarla izləyicisi olan "Nas Daily"nin videobloqerlər komandası da Azərbaycanda keçiriləcək COP29 sammiti barədə videoçarx hazırlayıb.

Noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək həmin sammitə qatılacaq dünya liderləri iqlim dəyişikliyinin mənfi sonuclarını birgə aradan qaldırmaq planlarını müzakirə edəcəklər.