Şahin Mustafayev və Mher Qriqoryan sərhəddə görüşüblər

Mher Qriqoryan və Şahin Mustafayev

Bu gün, noyabrın 1-də iki ölkənin sərhədində Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev ermənistanlı həmkarı Mher Qriqoryanla görüşərək nəqliyyat kommunikasiyaları məsələlərini müzakirə ediblər.

AZƏRTAC bildirir ki, həmin görüşdən öncə isə onların sədrliyi altında iki ölkənin sərhəd məsələlərinə dair komissiyalarının 10-cu görüşü keçirilib.

Məlumata görə, görüşdə komissiyaların birgə fəaliyyəti haqqında bu ilin avqustun 30-da imzalanmış Əsasnamənin qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların icrası barədə bildirişləri mübadilə ediblər. Əsasnamə 2024-cü il noyabrın 1-də qüvvəyə minir.

"Tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ətrafında fikir mübadiləsi apardılar. Tərəflər delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə etdilər", - məlumatda əlavə edilib.

25 oktyabr

Yerevan və Bakıda sərhəd haqqında fərman imzalanıb

Oktyabrın 25-də Ermənistanla Azərbaycan prezidentləri ayrılıqda bu iki ölkə sərhədlərinin delimitasiya və demarkasiyası qaydalarını təsdiq edən əsasnaməni imzalayıblar.

Ermənistan Milli Assambleyası onu iki gün əvvəl ratifikasiya edib.

İndiyədək Azərbaycanda əsasnamənin ratifikasiyası istiqamətində hansı addımlar atıldığı barədə ölkə ictimaiyyətinə məlumat verilməyib. Əvvəllər bildirilirdi ki, bu prosedurlar Bakı və Yerevan tərəfindən eyni vaxtda həyata keçirilməlidir.

Sənəddə Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasının necə həyata keçirilməsi nəzərdə tutulur. Orada göstərilən yeganə əsas prinsip 1991-ci il Alma-Ata Bəyannaməsidir, lakin aydın xəritələr yoxdur.

Ermənistan müxalifəti qətnamənin ratifikasiyasının Ermənistanın dövlət maraqlarına zidd olduğunu bildirərək müzakirədə və səsvermədə iştirak etməyəcəyini açıqlamışdı.

Sentyabrın 26-da Konstitusiya Məhkəməsi sərhədin demarkasiyası prosedurunu Ermənistan Konstitusiyasına uyğun olaraq tanıyıb.

Delimitasiya prosesi qonşu dövlətlərlə sərhəd xətlərinin müəyyən edilməsinin ilk mərhələsidir. Demarkasiya zamanı isə, bir qayda olaraq, genişmiqyaslı xəritələr üzərində relyef, hidroqrafiya, yaşayış məntəqələri ətraflı göstərilir.

Xatırlatma

Ermənistanla Azərbaycan arasında konflikt 30 ildən çoxdur davam edir. 2020-ci il 44 günlük müharibə və 2023-cü il sentyabrında Qarabağdakı əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü təmin edib. Tərəflər arasında 44 günlük müharibədən sonra aktiv sülh danışıqları aparılsa da, hələlik, yekun nəticə əldə etmək mümkün olmayıb. Bununla belə, həm Bakı, həm Yerevan sülh sazişini imzalamaq niyyətində səmimi olduqlarını və artıq müqavilənin böyük hissəsinin razılaşdırıldığını deyirlər.

Buna da bax: Ermənistan sərhədin demilitasiyası məsələsində mövqeyini dəyişib