Bakı və Yerevan nümayəndələrinin görüşü açıq qalır

Ned Prays

"Ötən həftə (sentyabrın 20-də) Nyu-Yorkda Dövlət katibi Entoni Blinken tərəflərə sülh prosesini necə irəli aparmaq barədə fikir mübadiləsi aparmağı təklif edib".

Bunu sentyabrın 26-da ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays mətbuat üçün gündəlik brifinqdə bildirib.

"Turan" agentliyinin Vaşinqtondakı müxbirinin "Tərəflər həqiqətən sülh prosesində maraqlıdırlarmı" sualına Prays belə cavab verib: "Qoy, tərəflər özləri fikir söyləsinlər, bizim üçün iki tərəfi yaxınlaşdırmaq vacib idi".

"ABŞ ayın sonunda xarici işlər nazirlərinin növbəti görüşü üçün tarix və yer təklif edirmi" sualının cavabında Prays deyib: "Bunu iki ölkə həll edəcək, Ermənistanla Azərbaycan arasında birbaşa qarşılıqlı fəaliyyət təkcə onların maraqlarına yox, həm də regionun və onun hüdudlarından kənarda maraqlara uyğundur".

Buna da bax: Paşinyan Bakını Xankəndi ilə müzakirələrə çağırır

N.Prays sonra da deyib: "Güc tətbiqi qəbuledilməzdir və biz bunu açıq şəkildə bəyan etmişik. Şadıq ki, bizim iştirakımız hərbi əməliyyatların dayandırılmasına kömək etdi, çünki bu münaqişənin hərbi yolla həlli yoxdur".

Bu açıqlamaya, hələlik, tərəflərdən hər hansı münasibət bildirilməyib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri sentyabrın 20-də Nyu-Yorkda görüşmüşdülər. Ondan sonra ABŞ-dan tərəflərə bir ay ərzində yenidən görüşməklə bağlı çağırış səslənmişdi.

Ötən ilin dekabrından bəri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüs və iştirakı ilə Azərbaycanla Ermənistan liderlərinin dörd görüşü keçirilib. Sonuncu görüş avqustun sonunda olub. Görüşdə iki ölkə arasında sülh sazişi layihəsi üzərində iş aparmaq üçün xarici işlər nazirlərinə tapşırıq verilməsinə dair razılıq əldə edildiyi açıqlanmışdı. Amma iki həftə öncə Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşdi. Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar. Ermənistan Azərbaycan hərbçilərinin onun ərazisinə daxil olduğunu, Azərbaycan isə qarşı tərəfin təxribatı ilə üzləşdiyini vurğulayıb.

Sentyabrın 14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

Buna da bax: Paşinyan Əliyevə: 'Ermənistanın elə bir xəritəsini göstərə bilərsinizmi ki...'

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.