Ermənistanın Yerasx kəndində, Naxçıvanla sərhədin 800 metrliyində yerləşən ərazidə inşa olunan metallurgiya zavodunun tikintisi dayandırılıb.
AzadlıqRadiosunun erməni xidmətinin müxbirinə zavodun mühafizəçi deyib ki, 10 gündür işlər dayanıb, Avropa İttifqanın müşahidəçilərinin nəzarəti altında zavod buradan başqa yerə köçürülür.
Azadlıqradiosunun erməni xidmətinə yerli sakinlərdən biri deyib ki, atəş səsləri eşidilsə də, zavod başqa yerə köçürüldüyündən əvvəlki kimi atışma yoxdur. O bildirib ki, yalnız avadanlıq gətirib, aparanda atəş açırlar ki, işləməyin.
ZAVOD ARARAT RAYONUNA KÖÇÜRÜLDÜYÜ DEYİLİR
AzadlıqRadiosunun erməni xidmətinin müxbiri zavodun köçürüldüyü deyilən ərazidə olub - bu ərazi Ararat rayonundadı. Müxbiri tikinti ərazisinə buraxmasalar da, kənardan böyük tikinti işlərinin getdiyini görüb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyası "X" (keçmiş twitter) hesabında yazıb ki, onlar mövcud avadanlıqların başqa yerə köçürülməsinə şərait yaradıb. Amma sonradan açıqlamanın mətni redaktə edib, belə yayımlayıblar:
"Avropa İttifaqının monitorinq missiyası təhlükəsizlik və hərbi məsələləri müşahidə etmək üçün metal əritmə zavodu da daxil olmaqla Yerasx ərazisində müntəzəm monitorinq keçirir".
AZƏRBAYCAN ZAVODUN TİKTİNİSTİNİN DAYANDIRILMASINI TƏLƏB EDİRDİ
Ermənistanın Yerasx kəndində, Naçxıvanın Sədərək rayonu ilə sərhəddə metallurgiya zavodunun inşasına hardasa 6 ay öncə başlanılıb, bu ilin sonuna kimi yekunlaşması plandışdırılır.
Buna da bax: Azərbaycan Ermənistandan metallurgiya zavodunun inşasını dayandırmağı tələb edir
Azərbaycan tərəfi Ermənistanın sərhəd bölgəsində bu cür fəaliyyətini beynəlxalq ekoloji standartlara zidd sayıb. Qeyd edib ki, adətən belə layihələr qonşu ölkə ilə razılaşdırılır. Rəsmi Bakı hesab edir ki, zovoddan axıdılan tullantılar Araz çayını çirkləndirə və bölgədə ekoloji problem yarada bilər, Yerasxda zavodunun tikintisinin dayandırılması tələbi ilə Yerevana rəsmi müraciət edib.
Yerevan isə Bakının metallurgiya zavodunun fəaliyyəti ilə bağlı iddialarını əsassız sayır.
ŞİRKƏT SAHİBİ: ZAVOD BAŞQA YERƏ KÖÇÜRÜLMƏYİB
AzadlıqRadiosunun erməni xidmətinin - rəsmi Bakının tələbi yerinə yetirilibmi və zavod başqa yerə köçürülübmü sualına hakim partiyanın deputatları belə cavab veriblər ki, tikintini özəl şirkət aparır, cavabı da onlar verməlidi.
Metallurgiya zavodunun tikintisini həyata keçirən şirkət isə yerli mətbuata verdiyi açıqlamada zavodun başqa yerə köçürülmədiyini və işlərin dayandırılmadığını bildirib. Deyib ki, işlər mərhələləli aparılır və planlanan bütün işlər görüləcək.
XATIRLATMA
İqtisadiyyat naziri Vaan Kerobyan bir neçə ay əvvəl Yerasxda 70 milyon dollar sərmayə ilə tikilən böyük erməni-amerikan metallurgiya zavodunu təqdim etmişdi. O ildə 180 min ton məhsul istehsal edəcəyini planlaşdırılan zavodda min yeni iş yerinin açılacağını vurğulamışdı.
Amma AzadlıqRadiosunun erməni xidməti yazır ki, bu gün zavod ətrafında baş verənlərlə bağlı iqtidar nümayəndələri sanki ağızlarına su alıb.