AzadlıqRadiosu Azərbaycanın biznes dünyasına firma adında Kronos, Feba, Tefida, Bront və Erida kimi yunan allahlarının adlarını daşıyan şirkətlərin gizli şəraitdə daxil olması və müəmmalı şəkildə ləğv edilməsi barədə iki ay bundan öncə yazmışdı. İndi isə o da məlum olub ki, bu şirkətlərdən bəziləri «əbədiyyətə qovuşmazdan» öncə adlarını dövlət qurumlarının təşkil etdikləri satınalmalara həkk edə biliblər.
Buna da bax: Əliyevlərlə bağlı şirkətlərdə 'yunan allahları' [qısa araşdırma]
Söhbət 250 min manata yaxın (150 min ABŞ dolları) dövlət büdcəsi vəsaitinin istifadəsindən gedir.
Dövlət satınalmalarının reyestrindən görünür ki, ən azı iki dövlət qurumu bu şirkətlərlə işbirliyində olub. Bunlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) və «Azəistiliktəchizat» ASC-dir. AzadlıqRadiosu-nun məlum sövdələşmələr barədə suallarına AzTEST-in rəhbərliyi cavab verib. Bakı şəhərinin və ölkənin digər bölgələrinin istilik təchizatına cavabdeh olan dövlət şirkəti isə informasiya sorğusunu cavabsız qoyub.
Buna da bax: AZAL-ın qiymətlərini 'Silkway' bahalaşdırır [qısa araşdırma]
Təzəcə yaranan şirkətləri AzTEST necə tapıb?
«Kronos İstehsalat» MMC (VÖEN 1403365391) və «Tefida Xidmət» MMC (1403365411) AzTEST ilə ümumi dəyəri 97 min 470 manat olan iki müqavilə imzalayıblar. Bunlar Təcrübə-Sınaq Mərkəzinin Bakıda, İsakzadə qəsəbəsi, 7-ci köndələn ünvanında yerləşən Yeyinti və Kənd Təsərrüfatı Məhsullarının Sınaq Laboratoriyasında abadlıq işlərinin, eləcə də burada kommunal və kommunikasiya xidmətlərinin göstərilməsindən ötrü bağlanıb.
Buna da bax: Azərbaycandan ofşora 85 milyonu necə çıxardılar- [Araşdırma]
Sorğunun cavabında AzTEST-in direktoru Mahmud Qubatov AzadlıqRadiosu-na bildirib ki, Yeyinti və Kənd Təsərrüfatı Məhsullarının Sınaq Laboratoriyası yerləşən binanın tikintisi zamanı həmin əraziyə gələn kommunikasiya xətlərinin (yeni su və kanalizasiya xətlərinin) yerlərinin dəyişdirilməsi zərurəti yaranmışdı. Burada torpağın ekskavatorla qazılması və daşınması, tökmə torpağın hamarlanması və onun 5 tonluq yumurcuqlu vardənlə döyəclənməsi, su və kanalizasiya xətlərinin köçürülməsi kimi xidmətlər həyata keçirilib. Kommunikasiya xətləri dəyişdikdən sonra ərazinin təmizlənməsi, qazılmış yerlərin hamarlanması üçün binanın həyətində abadlaşdırma işləri aparılıb: həmin əraziyə qum, təbii çınqıl və qum qarışığı verilərək torpaq hamarlanıb.
Buna da bax: Azərbaycan oliqarxlarının gizli şirkətləri [araşdırma]
Mərkəzin direktoru bildirir ki, müqavilələr bağlanmazdan öncə kotirovka sorğusu yolu ilə satınalma müsabiqəsi keçirilib. «Bu sahədə ixtisas uyğunluğu nəzərə alınaraq qalib şirkət «Tefida Xidmət» MMC və «Kronos İstehsalat» MMC ilə mallar (işlər və xidmətlər) üzrə 2 və 3 saylı satınalma müqavilələri bağlanıb», cavabda qeyd olunur.
Kotirovka sorğuları ilə bağlı müsabiqələr haqda elanlar nə mediada, nə də dövlət satınalmalarına dair vahid məlumat bazası olan tender.gov.az resursunda yerləşdirilib. Bəs necə olur ki, bu şirkətlər AzTEST-ə yol tapa bilib? Axı, qalib elan olunan şirkətlər 2016-cı ilin mart ayının 9-da dövlət qeydiyyatına alınıb... Onlardan biri – «Tefida Xidmət» MMC ilə müqavilə isə qeydiyyat tarixindən az sonra, mayın 6-da bağlanıb.
Buna da bax: 'Bir ailənin hegemonluğu...'
M. Qubatovun cavab məktubundan görünür ki, adı çəkilən şirkətlərin qalib seçilməsində üstünlük verilən zaman meyarlardan biri onların ixtisas uyğunluğu olub. Yeni yaradılan, hələ heç bir ixtisas təcrübəsi qazanmayan bir şirkətin görüləcək işlərlə bağlı uyğunluğunu təyin edərkən AZTEST-in tender komissiyasının nəyə əsaslanması sual altında qalır.
Uyğunluq tələblərinə əməl olunmaması isə Azərbaycanda dövlət satınalmaları sahəsində geniş yayılan hallardandır. Hesablama Palatasının 2016-cı il üzrə illi hesabatına qeyd olunur ki, araşdırılmış satınalmaların 107-də podratçıların ixtisas göstəricilərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsində qanunla müəyyən olunmuş tələblərə riayət edilməyib.
Buna da bax: Bir sadə azərbaycanlının nəhəng 'Bombardier'lə milyonlarla biznesi? [araşdırma]
AzTEST kotirovka sorğularında iştirak etmək üçün dəvət almış digər şirkətlərin adlarını isə AzadlıqRadiosu-na açıqlamayıb. Bunlara baxmayaraq, Təcrübə-Sınaq Mərkəzinin hər iki kotirovka sorğusunun yekun protokolu «qanunvericiliyə uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində qeydiyyata alınıb». AzTEST-in direktorunun cavab məktubu bu sözlərlə tamamlanır.
Buna da bax: Azərbaycanın 'qərbli siyasətçiləri necə satın alması' araşdırılıb
«Kronos» həm paltar tikir, həm informasiya texnologiyaları yaradırmış
«Kronos İstehsalat» MMC-yə göndərilən sorğuya cavab verilmədiyinə görə «Azəristiliktəchizat» ASC-yə zəng etməli olduq. Burada məsələnin araşdırılacağı və tədbir görüləcəyi barədə vəd yerinə yetirilmədiyində aşağıdakı suallar hələ də cavabını gözləyir:
- 2016-cı ildə mobil ödəniş terminalları alınması üçün satınalma müqaviləsi bağlanıb. Bu satınalma hansı metodla həyata keçirilib? Tender keçirilməyibsə, kotirovka sorğusu harada elan edilib və kimlər dəvət edilib? Toplam neçə ödəniş terminal alınıb? Terminallar hansı ölkənin istehsalıdır, bir ədədi neçəyə başa gəlib? Həmin terminallar harada quraşdırılıb və ya istifadə olunmaqdadr? Yeni terminalların alınması nəzərdə tutulurmu?
Buna da bax: Italyan deputata ödənən pulun prezident ailəsi ilə əlaqəsi üzə çıxır
- Xüsusi geyimlərin alınması ilə bağlı müsabiqə hansı metodla həyata keçirilib? Hansı iddiaçılar bu müsabiqədə iştirak edib? 2016-cı ildə alınmış xüsusi geyimlər hansı müəssisənin istehsalıdır? Toplam neçə komplekt xüsusi geyim alınıb?
- Nasos və mühərriklərin təmiri üçün alınmış ehtiyat hissələri hansı ölkənin istehsalıdır? Əsasən hansı ehtiyat hissələri alınıb?
- Qazanxanalarda quraşdırılmış temperatur və təzyiq sensorlarına internet üzərindən məsafədən nəzarət edilməsi və abonent bazası üzrə server xidmətinin təkmilləşdirilməsi və yenidən qurulması məqsədilə yeni proqram təminatının təchizatçısı hansı proqramlaşdıma şirkətidir?
Buna da bax: Azərbaycan oliqarxlarının gizli şirkətləri [araşdırma]
Yenicə yaranmasına baxmayaraq, geyim tikməkdən tutmuş informasiya texnologiyaları sahəsində xidmətlərdən geniş spektrdə fəaliyyət göstərməyə nail olan «Kronos İstehsalat» MMC hələlik cavabı olmayan bu «suallara görə» «Azəristiliktəchizat» ASC-dən nə az, nə çox – 150 min 948 manat alıb.
Sonuncu titan «can üstədir»
Həm «Kronos İstehsalat» MMC, həm də onun əkiz bacısı «Tefida Xidmət» MMC haqda bəlli olan yalnız bunlardır. Digər «titanlar» - «Bront Satış» MMC (1403365821), «Erida İdxal və İxrac» MMC (1403365541) və «Feba Satış» MMC (1403365261) heç bir gözəgörünən iz qoymadan ləğv olublar.
Buna da bax: 2016-da Azadlıq Radiosunun Youtube-da ən çox baxılan videoları [top-10]
Sonuncu «titan» - «Sterop Təmir Tikinti» MMC (1403365671) da artıq «can verməkdədir». Vergilər Nazirliyinin məlumat bazasında onun ləğv porsesində olduğu əks olunub. Düzdür, Sterop (gurultu) da adları Azərbaycanın biznes sferasına düşmüş digər yunan mifologiyasının «personajları» kimi ingilissayağı səssiz gedir – heç kəsi duyuq salmadan. Qanun isə tələb edir ki, ləğv olunan şirkət bu haqda ixtisaslaşmış KİV-də («Vergilər» qəzeti - Vergilər Nazirliyinin mətbu orqanı) elan versin ki, borcluları borcunu istəyə bilsin.
Buna da bax: Sahibi olan və sahibi bilinməyən Azərbaycan bankları [araşdırma]
1403365671 |
"STEROP TƏMİR TİKİNTİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Ləğv prosesindədir) |