Xəzər dənizinin İrana mənsub hissəsində bu ölkə ilə Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə "AZIREX-2024" birgə taktiki təlimi keçirilib.
Azərbaycan Müdafiə Nazirliyinin noyabrın 4-də yaydığı məlumata görə, əvvəlcə "Dənizdə axtarış-xilasetmə" təliminin məqsədi və icra olunacaq tapşırıqlarla bağlı brifinq təqdim edilib, qarşılıqlı müzakirələr aparılıb: "Təlimdə gəmi qəzaları zamanı xilasetmə və tibbi yardım tədbirlərinin həyata keçirilməsi, axtarış-xilasetmə əməliyyatları, habelə gəmi təhlükəsizliyinin təmin olunması üzrə fəaliyyətlər icra edilib".
Ötən il dekabrında İran Hərbi Dəniz Qüvvələri (HDQ) Ordusunun komandanı kontr-admiral Şəhram İrani Azərbaycanda səfərdə olmuşdu. Onun Azərbaycandan olan həmkarı Sübhan Bəkirovla görüşündə Xəzər dənizində birgə təlimlərin keçirilməsinin vacibliyindən bəhs edildiyi açıqlanmışdı.
Hazırda İranla Azərbaycan arasında yaxınlıq müşahidə edilməkdədir. Halbuki əvvəlki illər bu iki ölkə arasında müəyyən gərginliklər yaşanmışdı.
Xatırlatma
Bundan əvvəlki illər hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlara səbəb olmuşdu. Hətta ötən il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücum da oldu. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, ikisinin isə xəsarət aldığı açıqlandı. Bundan sonra səfirliyin işçiləri Azərbaycana təxliyə edildi.
Ardınca da Azərbaycanda bir çox həbslər oldu. Saxlananlar ən müxtəlif ittihamlarla (ən çox da narkotiklə) üzləşsələr də, hökumətə yaxın media orqanlarında onlar "İran casusu" kimi təqdim edilirdilər. Hərçənd onların yaxınları bununla dini kəsimdən olan bir çox şəxslərin şərləndiyini dedilər. Amma xüsusilə son aylar hər iki tərəfin rəsmiləri bir-biriləri ilə əməkdaşlığa dair fikirlər səsləndirirlər. Bu ilin iyulunda Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti bərpa edilib.