Azərbaycan Prezidenti İlham Əliyev aprelin 19-da İsrail Dövlətinin xarici işlər naziri, iki ölkə arasında Birgə Komissiyanın həmsədri Eli Koeni qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, Əliyev bu yaxınlarda Azərbaycanın İsraildə səfirliyinin açılmasını əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirib. O, Ələt Azad İqtisadi Zonası barədə məlumat verib, İsrail şirkətlərinin orada da fəaliyyət göstərmələri və yeni layihələrlə çıxış etmələri üçün yaxşı imkanların olduğunu söyləyib. Həmçinin, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İsraildə karbohidrogen resurslarının istismarında iştirak imkanlarına baxılmasının da önəmi vurğulanıb.
Görüşdə enerji, kənd təsərrüfatı, turizm, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu qeyd edilib.
Habelə, dəniz suyunun şirinləşdirilməsi, səhra və yarımsəhra şəraitində kənd təsərrüfatının inkişaf etdirilməsində İsrailin təcrübəsinin Azərbaycan üçün maraqlı olduğu bildirilib.
Koen, öz növbəsində, İsrail ilə Azərbaycan arasındakı əlaqələrin strateji xarakter daşıdığını vurğulayıb.
İsrailin xarici işlər naziri dünən, aprelin 18-də Azərbaycana gəlib.