Azərbaycan yenə Naxçıvan istiqamətində atəşkəsin pozulduğunu bildirir 

Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycan Naxçıvan istiqamətində mövqelərinin yenə atəşə tutulduğunu bildirib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi bu gün, avqustun 8-də məlumat yayıb.

Məlumata görə, avqustun 8-i saat 13:00-da Ermənistan silahlı qüvvələri mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub :
" Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. "

Bu məlumata, hələlik, Ermənistan tərəfdən münasibət bəlli deyil.

Son aylar Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Artıq, tez-tez xüsusilə iki ölkə arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddilar səslənir. Atəşkəsin pozulmasına görə, onlar bir-birlərini günahlandırırlar. Hətta, ölən və yaralananların olduğu da bildirilib.

Xatırlatma

2020-ci il 44 günlük müharibə və sonrakı razılaşma əsasında Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.