Azərbaycan ikinci medalı qazanıb 

Tokio Olimpiya Oyunları, boks yarışması

Azərbaycan boksçusu Alfonso Dominqes Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti döyüşünü keçirib.O, yarımfinalda kubalı Olimpiya və dünya çempionu Arlen Lopeslə üz-üzə gəlib.

İlk görüşdə özbəkistanlı Dilşotbek Ruzmetovu, ardınca türkiyəli Bayram Malkanı mübarizədən kənarlaşdıran Azərbaycan boksçusu bu dəfə məğlubiyyətə üzülüb. 81 kq çəki dərəcəsində qüvvəsini sınayan Dominqes rəqibinə 0:5 (28:29, 28:29, 28:29, 28:29, 28:29) hesabı ilə məğlub olub.

Nəticədə Alfonso Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medalını rəsmiləşdirib. Bu, Azərbaycan millisinin Yaponiyanın paytaxtında ikinci mükafatı olub. Onadək cüdoçu İrina Kindzerska (+78 kq) da Olimpiadanı 3-cü yerdə bitirib.

Tokioya 44 idmançı ilə yollanan Azərbaycanın heyətində artıq 26 atlet çıxışını bitirib. Azərbaycan idmançılarından 1-i mübarizəni davam etdirir, 17-si isə startı gözləyir.

"Tokio-2020" Yay Olimpiya Oyunları rəsmi olaraq iyulun 23-də başlayıb.Olimpiada avqustun 8-dək davam edəcək.

"Tokio-2020" Yay Olimpiya Oyunları adından da göründüyü kimi 2020-ci ildə keçirilməliydi.Amma koronavirus pandemiyası üzündən təxirə salınmışdı.

Xatırlatma

Azərbaycan yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Onun Olimpiya komandası, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Bu ölkənin Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan Azərbaycan 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.