Azərbaycan prezidenti İlham Əliyev noyabrın 5-də Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının XI Zirvə görüşündə iştirak etmək üçün Qırğızıstan Respublikasına səfər edib.
Noyabrın 6-da Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) XI zirvə görüşü keçiriləcək.
TDT-dən bildirilib ki, sammit "Türk dünyasının gücləndirilməsi: İqtisadi inteqrasiya, dayanıqlı inkişaf, rəqəmsal gələcək və hər kəs üçün təhlükəsizlik" mövzusunda gerçəkləşdiriləcək. Görüşdə təşkilata üzv və müşahidəçi ölkələr arasında çoxtərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, regional və qlobal siyasi-iqtisadi inkişaf prosesləri ilə bağlı müzakirələrin də yer alacağı gözlənir. Toplantının yekunu olaraq dövlət başçılarının Bişkek Bəyannaməsi qəbul edilə bilər.
TDT 2009-cu ildə yaradılıb. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan qurumun üzvləridir.