Prezident İlham Əliyev Azərbaycanın Rusiyaya yeni səfirini təyin edib.
Prezidentin oktyabrın 1-də imzaladığı sərəncamı ilə Rəhman Mustafayev Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezidentin imzaladığı digər sərəncama əsasən, R.Mustafayev Azərbaycanın Niderlanddakı səfiri vəzifəsindən geri çağırılıb.
Bundan əvvəl Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu olub. O, 2006-cı ildən həmin vəzifəni tuturdu.
P.Bülbüloğlu 2024-cü ilin sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində deputat mandatı qazandıqdan sonra səfir vəzifəsindən geri çağırılıb.
Qısa tanışlıq
1963-cü ildə Bakıda doğulan R.Mustafayev Moskva Dövlət Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil alıb.
1993-cü ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi işləyib. 1994-1997-cı illərdə Azərbaycanın Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi olub. 1997-1999-cu illərdə Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub.
O, 2000-2006-cı illərdə Azərbaycanın Rusiyadakı səfirliyində müşavir işləyib.
2006-cı ildən 2009-cu ilədək Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru olan R.Mustafayev daha sonra Azərbaycanın Yunanıstanda, eyni zamanda Albaniyada, daha sonra isə Fransada fövqəladə və səlahiyyətli səfiri olub.
61 yaşlı R.Mustafayev 2022-ci ilin oktyabrından Azərbaycanın Niderlanddakı səfiri idi.