Ötən ilin fevralında başlanan Rusiya-Ukrayna müharibəsi Azərbaycanda qaçqın statusu ilə yaşayanların sayına da təsir göstərib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumat bazasına görə, 2021-ci ilin sonunda Azərbaycanda qaçqın və sığınacaq axtaranların sayı cəmi 1 min 710 nəfərmiş. Həmin dövrdə Azərbaycandakı qaçqınlar arasında Əfqanıstan vətəndaşları daha çoxmuş. 2021-ci ildə ölkədəki 1 min 710 qaçqın və sığınacaq axtaran şəxsin 71 faizi (1 min 215 nəfəri) Əfqanıstan, 325 nəfərsə Rusiya vətəndaşı olub. O vaxt Azərbaycanda cəmi beş nəfər Ukrayna vətəndaşı qaçqın statusu daşıyırmış.
Ukraynada savaşın başlanması Azərbaycandakı qaçqın və sığınacaq axtaranların sayını dörd dəfəyə yaxın artırıb. Ötən ilin sonunda ölkədəki qaçqın və sığınacaq axtaranların sayı 6 min 566 nəfərə yüksəlib. Bu ilin ilk yarısının nəticələrinə görə isə, Azərbaycanda 6 min 439 nəfər qaçqın və sığınacaq axtaran sayılıb. İndi belə status daşıyanların 4 min 776 nəfəri - 74 faizi Ukrayna vətəndaşıdır.
Cədvəl 1: 2023-cü ildə Azərbaycanda qaçqın və sığınacaq axtaran şəxs statusu ilə yaşayanların vətəndaşlıq bölgüsü
Ölkə |
Qaçqın sayı (nəfər) |
Ukrayna |
4 min 776 |
Əfqanıstan |
1 min 141 |
Rusiya |
308 |
Pakistan |
79 |
İran |
65 |
Suriya |
34 |
Yəmən |
11 |
İraq |
10 |
Liviya |
5 |
Fələstin |
5 |
Özbəkistan |
5 |
Toplam |
6 min 439 |
Cədvəldən göründüyü kimi, hazırda Azərbaycanda 11 ölkədən qaçqın və sığınacaq axtaran şəxs var. Ukrayna vətəndaşları ilə yanaşı, Əfqanıstan (18 faiz) və Rusiya (5 faiz) vətəndaşları da Azərbaycanda BMT-nin himayəsi altında yaşayanlar arasında say çoxluğuna malikdir.
Ukraynalı qaçqınların Güney Qafqazda ən çox üz tutduğu ölkə Gürcüstandır. Orada qaçqın kimi qeydiyyatda olan ukraynalıların sayı 26 min nəfəri ötür. Güney Qafqazda ukraynalı qaçqınların ən az maraq göstərdiyi ölkə isə Ermənistandır. Ermənistanda cəmi 528 nəfər Ukrayna vətəndaşı qaçqın və ya sığınacaq axtaran kimi qeydiyyatdadır.
Sizin brauzer HTML5-i dəstəkləmir
2019-cu ildən bəri məcburi köçkünlərin sayı artıb
2019-cu ildən bəri Azərbaycandakı məcburi köçkün sayında da artım gözə çarpır. Məcburi köçkün deyərkən, ərazisi işğala qalmış rayonların bütün əhalisi deyil, sırf məcburi köçkün statusu olan şəxslər nəzərdə tutulur. 2013-2018-ci illərdə Azərbaycanda məcburi köçkünlərin sayı 609 – 622 min arasında dəyişib. 2019-cu ildə isə məcburi köçkün statusu olanların sayı 32 min nəfər artaraq 652 min nəfərə yüksəlib. Sonuncu açıqlanan rəqəmlərə görə, Azərbaycanda 658 min 793 nəfərin məcburi köçkün statusu var.
Cədvəl 2: 2013-2022-ci illərdə Azərbaycanda məcburi köçkün statusu olanların sayı
İl |
Məcburi köçkünlərin sayı (nəfər) |
2013 |
609 min 029 |
2014 |
622 min 892 |
2015 |
618 min 220 |
2016 |
613 min 129 |
2017 |
612 min 785 |
2018 |
620 min 423 |
2019 |
652 min 326 |
2020 |
653 min 921 |
2021 |
654 min 839 |
2022 |
658 min 793 |
BMT-nin bilgi bazasına görə, bu ilin əvvəlinə dünyanın 64 ölkəsində məcburi köçkünlər var. İndiki göstəricilərə görə, Azərbaycan dünyada ən çox məcburi köçkün statuslu şəxs olan 18-ci ölkədir. Bu baxımdan ilk üçlüyə Suriya (6.9 milyon nəfər), Ukrayna (5.9 milyon nəfər) və Konqo Demokratik Respublikası (5.7 milyon nəfər) daxildir.
Qaçqın, sığınacaq axtaran və məcburi köçkünlərlə yanaşı, Azərbaycanda vətəndaşlığı olmayan şəxslər də yaşayırlar. İndi Azərbaycanda heç bir ölkənin vətəndaşı olmayan 3 min 585 nəfər var.