Azərbaycan və İran xarici işlər nazirləri yenidən danışıblar

Azərbaycan və İran xarici işlər nazirləri,

Azərbaycan və İranın xarici işlər nazirləri Ceyhun Bayramovla Hüseyn Əmir Abdullahian arasında növbəti telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin yaydığı məlumata görə, nazirlər arasında telefon danışığı aprelin 14-də baş tutub.

Məlumatda bildirilir ki, nazirlər Azərbaycanla İran arasında ikitərəfli münasibətlərdə mövcud vəziyyəti müzakirə ediblər.

Buna da bax: Azərbaycan və İran iki ölkə arasında gərginliyi müzakirə ediblər

"Tərəflər danışıqların davam etdirilməsi və zərurət olacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsinin mümkün olduğunu bildiriblər. Nazirlər eyni zamanda, regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar."- XİN Mətbuat Mətbuat Xidmətinin yaydığı məlumatda vurğulanır.

Bundan əvvəl iki ölkə nazirləri aprelin 7-si və 8-də danışıblar. Telefon danışığının hansı tərəfin təşəbbüsü ilə baş tutduğu barədə məlumat verilmir.

Xatırlatma

Son vaxtlar Azərbaycan və İran arasında qarşılıqlı ittihamlar eşidilməkdədir. Azərbaycanın hüquq-mühafizə orqanları İrandan təlimat alan bəzi şəxslərin ölkənin konstitusiya quruluşuna qarşı fəaliyyət apardığını bildirir. İran isə Azərbaycanda onlara qarşı xarici qüvvələrə şərait yaradıldığını iddia edir. İttihamlar qarşılıqlı olaraq təkzib edilir.

Buna da bax: İran Azərbaycana müdaxilə edə bilərmi? - Qərb mediası

Bu il yanvarın 27-də isə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Səfirliyin bir əməkdaşı həlak olub, ikisi yaralanıb. Bundan sonra Azərbaycan səfirliyin işçilərini təxliyə edib. İran silahlı hücumun araşdırılacağını bəyan edib.

Aprelin 6-da Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, İranın Azərbaycandakı səfirliyinin dörd əməkdaşı persona-non-qrata elan edilib.