Azərbaycan və İran ordularının hazırlıq məsələlərində əməkdaşlıq edəcəklər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, 2024-cü ilin planına uyğun, iyunun 12-də Azərbaycan ordusunun Naxçıvan Muxtar Respublikasında dislokasiya olunan bölmələri ilə taktiki təlim keçiriləcək.
Bildirildiyinə görə, təlimə şəxsi heyət, döyüş texnikası, aviasiya vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq:
“Azərbaycanla İran arasında əldə olunmuş razılaşma əsasında İran ordusunun müvafiq qüvvə və vasitələrinin cəlb edilməsi ilə eyni vaxtda qonşu dövlətin ərazisində də taktiki təlim keçiriləcək.”
Açıqlamaya görə, hər iki ölkədə keçiriləcək təlimlərdə strateji obyektlərin və kommunikasiya xətlərinin mümkün təxribat-diversiya fəaliyyətlərindən mühafizəsi üzrə müxtəlif tapşırıqlar koordinasiyalı şəkildə yerinə yetiriləcək.
Xatırlatma
Əslində ötən ilin ortalarına qədər İran ilə Azərbaycanın münasibətlərində müəyyən gərginliklər müşahidə edilib.
2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanıb.
Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. Amma son bir ildə, xüsusilə də son aylarda hər iki tərəfdən bir-birlərinə yönəlik müsbət dəyərləndirmələr səslənir. Halbuki, münasibətlərin gərgin dövrlərində rəsmilər qarşılıqlı ittihamlar səsləndirir, hətta hər iki tərəf bir-birinin sərhədində ayrı-ayrılıqda hərbi təlimlər keçirirdilər.
İranda Azərbaycan-İsrail, Azərbaycanda isə İran-Ermənistan münasibətlərinin inkişafı tənqidlərlə qarşılanıb.