Azərbaycan XİN Rusiyanın səfirinə nota verib-Jirinovskinin dediklərinə görə

XİN

Bu gün, avqustun 1-də Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda yazılıb ki, Rusiya Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosu-nun 30 iyul buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli, təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq, etiraz çatdırılıb :

“... Deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq, strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb”

Sözügedən hal ilə bağlı qarşı tərəfə Azərbaycan Xarici İşlər Nazirliyinin notasının təqdim olunduğu bildirilir.

Bu məlumata, hələlik, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

“Komsomolskaya Pravda” radiosu-nun müxbiri söhbət zamanı Jirinovskiyə həm də Azərbaycan və Ermənistan arasındakı mövcud vəziyyətlə bağlı Rusiya hərbçilərinin iki ölkənin sərhəddinə göndərilməsi ilə bağlı suallar verib. O, Rusiyanın belə bir addım atmasının nə qədər doğru olduğunu soruşub.

Jirinovski Cənubi Qafqazının Rusiyanın təsir dairəsi olduğunu deyib və bildirib ki, həm də Rusiya Qafqaza müharibə ilə getmir, ermənilər xahiş edirlər.

"Amma orda rus əsgəri ölməsin deyə biz əziz Azərbaycan rəhbərini çağırıb, təkbətək deyə bilərik ki, bax İlham, o ərazi ki, sən istəyirsən, sənin olsun, amma heç kimin rus əsgərinə gözünün ucu ilə belə pis baxmağa ixtiyarı yoxdur. O, yaxşı bilir ki, postunu itirə bilər, onda orda diktaturadı, orda müxalif qüvvələri doludur, əgər Bayden istəsə onu iki həftəyə devirərlər. Paşinyanı xilas etdiyimiz kimi onu da yalnız biz xilas edə bilərik..." deyə rusiyalı deputat bildirib.