Hökumət “İslam həmrəyliyi ili”nə hazırlaşır. "Turan" xəbər verir ki, baş nazirin müavini Əli Əhmədov 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsilə bağlı müşavirə keçirib.
Rəsmi məlumata görə, Ə.Əhmədov qeyd edib ki, Bakı islam dünyasının həmrəyliyinə böyük önəm verir.
Onun sözlərinə görə, prezident İlham Əliyev müsəlman ölkələrinə təkcə din ətrafında birləşməyi yox, siyasi məsələlərdə də “vahid mövqedən çıxış etməyi” təklif edir
Ə.Əhmədovun fikrincə, islam həmrəyliyi islam ölkələrinin problemlərinin həllində güclü amildir.
Buna da bax: Ötən il İslamla mübarizə, bu ilsə İslamla həmrəylik ili
Müşavirə zamanı qeyd olunub ki, “İslam həmrəyliyi ili” çərçivəsində ölkədə elmi konfranslar, “dəyirmi masa”lar, seminarlar, müsabiqələr, sərgilər keçiriləcək, kitablar, poçt markaları dərc ediləcək. Bu tədbirlər yerli və xarici KİV-də işıqlandırılacaq.
Bu il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları bu tədbirlərin tərkib hissəsi olacaq.
Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda «İslam həmrəyliyi ili» elan edib.
Dövlət başçısı bunu bir neçə gün əvvəl - yanvarın 10-u Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Ötən il isə Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdi.