Azərbaycanda 'TikTok'-un fəaliyyəti bərpa olunub

TIK TOK

Azərbaycanda"TikTok"-un fəaliyyətinə qoyulmuş qadağa aradan qaldırılıb. Bu barədə noyabrın 5-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti özünün facebook səhifəsində məlumat yayıb.

Məlumatda bildirilir: "5 noybr 2022-ci il tarixində saat 18:00-dan etibarən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb."

Buna da bax: ‘TikTok’-un Azərbaycanda yayımlanması müvəqqəti dayandırılır

Xidmət həmçinin vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən ölkə qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır.

Azərbaycanda "TikTok"-a giriş sentyabrın 14-də məhdudlaşdırılmışdı. Dövlət Təhlükəsizliyi Xidməti hərbi əməliyyatlarla bağlı ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayıldığını əsas gətirərək Tiktok sosial şəbəkə resursuna girişi məhdudlaşdırmışdı.

“TikTok” sosial şəbəkəsinin ölkə ərazisində fəaliyyəti sentyabrın 14-də dayandırılmışdı.

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) sentyabrın 14-ü axşam saatlarında yaydığı məlumatda bu məhdudiyyətin hərbi əməliyyatlarla (12-13 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhəddində hər iki tərəfdən çoxsaylı itkilərin olduğu silahlı toqquşma nəzərdə tutulur. Red.) bağlı “TikTok” sosial şəbəkə resursunda Azərbaycan ordusunun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayılması ilə əsaslandırıb.

Buna da bax: İran Rusiyaya dronlar göndərdiyini ilk dəfə etiraf edib

“Göstərilənlərlə əlaqədar, “TikTok” sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alınmış və bunun üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılmışdır.” -sentyabrın 14-də yayılan məlumatda vurğulanır.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi. Döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.