Bu foto, ötən həftə Moskvadakı konsert zalına ölümcül terror hücumu baş verəndən bəri Qafqazların sosial media şəbəkələrində təkrar-təkrar paylaşılır.
AzadlıqRadiosunun müxbiri Coşua Kuçera yazır ki, söhbət hansısa qonaqlıqda bir-birinə qısılmış yaraşıqlı bir cütlükdən gedir.
Bu şəkildəki gənc qadın Lilit İsraelyan erməni, onun əri Vüqar Hüseynov isə azərbaycanlıdır. Onlar 22 mart hücumunun qurbanları arasında olublar.
Müəllif yazır ki, Qafqazda bir çoxları üçün bu faciə onilliklədir davam edən etnik münaqişə şəraitində belə bir cütlüyün qeyri-mümkünlüyü inamı ilə səsləşib.
Bu barədə bir nəfər X platformasında yazıb:
“Erməni və azərbaycanlı olasan, bütün müqavimətlərə sinə gərib aşıq olub evlənəsən. Bu, çox nadir hadisədir. Sonra da hardansa üç-död terrorçu gəlib onların həyatına son qoysun. Ay Allah, onlara cənnətin ən gözəl guşəsində yer ver”.
Buna da bax: 'Azərbaycan mediasında Ermənistana təhdidlər qəbuledilməzdir' - KlaarQəddar statistika
Hüseynov və İsraelyan Moskvanın Vnukovo beynəlxalq hava limanında işləyiblər. İsraelyanlar ailəsi Rusiya mediasına deyib ki, cütlüyün bir körpəsi də var.
Bu cütlüyün tarixçəsi barədə çox az yazılıb, amma əminliklə demək olar ki, onlar bu evliliyə qarşı icmalarından güclü müqavimət görüblər.
2009-cu ildə keçirilmiş sorğuda ermənilərin 92 faizi erməni qadının azərbaycanlı kişi ilə evlənməsinə mənfi baxdığını deyib. Azərbaycanlılar arasında isə bu rəqəm 99 faiz olub.
Sovet vaxtlarında Azərbaycan paytaxtı Bakı kimi yerlərdə, əhalinin 10-20 faizini ermənilər təşkil edən vaxtlarda belə nikahlara daha tez-tez rast gəlinirdi.
Londondakı Chatham analitik mərkəzinin Rusiya və Avrasiya proqramından Lorens Broers bildirir ki, qarışıq nikahlar “Bakı kosmolitizminin rəmzi” idi.
Buna da bax: Ohanyan ordunu Azərbaycan kəndlərindən çıxmaq əmrinə itaət etməməyə çağırırÖlümlə son çarpışma
Lakin Sovet İttifaqı dağılarkən Qarabağ üstündə başlanan münaqişə Ermənistan və Azərbaycanın birgə yaşayışına son qoydu. Ermənilər Azərbaycanı, azərbaycanlılar isə Ermənistanı tərk etdilər. Qarışıq nikahların övladları isə həyatlarının üstünə pərdə çəkməli oldular.
Kuçera yazır ki, ermənilərin və azərbaycanlıların hələ də qonşu kimi yaşadıqları Gürcüstan və Rusiyada artıq belə qarışıq nikahlar son dərəcə nadir hadisədir.
Sözü gedən cütlüyün ölümünə Redditdə şərh yazan bir istifadəçi vurğulayır:
“Mən yarı erməni, yarı azərbaycanlıyam və bununla fəxr edirəm. Çox qəlb dağlayan bir hadisədir. İndi belə cütlüklər çox azdır. Necə də qəddar dünyadır bu. Allah onlara rəhmət eləsin, nur içində yatsınlar və övladları böyüyərək ata-anasının onu dünyaya gətirmək üçün hansı mədəni sədləri aşdığını bilsin. Ümid edirəm ki, onların övladı sağlam, güclü və öz kökləri ilə fəxr edərək böyüyəcək”.
Bu nadir ailə hekayətindən başqa Hüseynov həm də hücum vaxtı öz qorxmazlığını bir daha nümayiş etdirib. Şahidlərdən birinin çəkdiyi videoda o masaları çevirərək arvadını və başqalarını hücumdan qorumağa çalışır.
Hüseynov və İsraelyanın kimlikləri barədə ilk reportajı verən Mash Teleqram kanalı yazır ki, həmkarları Vüqarı bacarıqlı və nəzakətli şəxs kimi tanıyırdılar.
Buna da bax: Paşinyan: 'Onlar ötən 30 ilin qisasını almağa çalışacaqlar...'Nifrətli-sevgili şərhlər
Kuçera yazır ki, bu faciəli cütlük barədə kədərli postlarla yanaşı qəddar şərhlər də yazılıb.
Bir azərbaycanlı Telegram-da yazıb:
“O erməniyə evlənib və karması da onu tutub”.
Bir erməni istifadəçi isə yazır:
“Onlar qızlarını necə bir türkə (ermənilər azərbaycanlıları türk də adlandırırlar – red) veriblər?”
Amma yaxşı cəhət budur ki, belə şərhlər tənqid və qınaqla qarşılanıb.
Bir istifadəçi X platformasında yazır:
“Qoy onların xatirəsi Ermənistan və Azərbaycan arasında sülh yaratsın. 21-ci əsrdə müharibələr olmasın”.
Bir erməni istifadəçi isə hisslərini belə açıqlayıb:
“Mənim erməni bacıma və onun azərbaycanlı ərinə rəhmət olsun. Qoy siyasət dünyası bizi məhv edə bilməsin!”