"Azəriqaz" İstehsalat Birliyi (İB) "smart" tipli sayğaclarda balansın artırılmasına limit tətbiq edib.
APA bu xəbəri "Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev-ə istinadən yayıb.Qurum rəsmisi bildirib ki, aylıq limitin məbləği 200 manat təşkil edir və limit müvəqqəti xarakter daşıyır.
İ.Kərbəlayevin sözlərinə görə, limit tətbiqi həm də Tarif Şurasının müvafiq qərarından yayınma hallarının qarşısını almaq məqsədi daşıyır və yanvarın 1-dən sonra limit tətbiqi aradan qaldırılacaq..
Tarif Şurası noyabrın 28-də qazın və elektrikin əhaliyə satış qiymətinin qaldırıb. Əhali kateqoriyası üçün yeni qaydada ödənişin 2017-ci il yanvarın 1-dən tətbiqi nəzərdə tutulur.
Yeni qaydaya görə, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
İllik qaz sərfi 1500 kub.metr olarsa buna görə 10 qəpikdən, bu limiti keçərsə 20 qəpikdən ödəniş ediləcək.