Gürcüstana 9, 'Azərsu'ya 66 dollara

Su sayğacı

Bu il Azərbaycanda su sayğaclarının istehsalı 22.2 faiz artıb. Di gəl ki, 445 minədək mənzildə hələ də su məsrəfinə görə sayğacın göstəricisinə uyğun yox, hökumətin müəyyən etdiyi normativə – adambaşına ayda 5 ton hesabı ilə ödəniş edilir.

Su təchizatı üzrə dövlət inhisarçısı - «Azərsu» ASC sonuncu dəfə sayğac quraşdırılmasına dair statistikanı bu ilin əvvəlində açıqlayıb. Qurumun məlumatına görə, yanvarın 1-dək suyu mərkəzləşdirilmiş şəbəkədən alan 1 milyon 342.2 min mənzilin 33.1 faizində sayğac yox idi. Hətta suya görə əhalidən daha yüksək tariflə pul ödəyən digər istehlakçı qruplarının (cəmi 58 min 775 abunəçi) 18 faizində belə su sayğacı yoxdur. Müəssisədə və ya şirkətdə su boşuna axsa da, elə eyni pul ödəniləcək.

12 MİLYON MANAT CƏMİ 50 MİN SAYĞACA ÇATDI

Hökumət su sayğaclarının bütün abonentlərə tam quraşdırılmasını hələ 2010-cu ildə nəzərdə tuturdu. Lakin su təchizatçısı bunun öhdəsindən gələ bilməyib. Səbəb kimi isə ölkə boyunca su təminatı və kanalizasiya xidmətlərinin yenidən qurulması, sayğacların alınması üçün hökumətin kifayət qədər vəsait ayırmaması göstərilir.

***Buna da bax-'Azərsu' yenə də suyu zərərlə satır

Ötən il dövlət başçısı İlham Əliyevin sərəncamı ilə su sayğaclarının quraşdırılmasından ötrü «Azərsu» ASC-yə dövlət büdcəsindən 12 milyon manat vəsait ayrıldı. «Turan» İnformasiya Agentliyinin qurum ilə məhkəmə çəkişməsi bu məqsədlə görülən işlərin arxasında korrupsiya hallarının gizləndiyini üzə çıxardı. Bəlli oldu ki, «Azərsu» ASC bu qədər büdcə vəsaitinə mexaniki və smart olmaqla vur-tut 50 min ədəd su sayğacı alıb quraşdırıb. Qurum bu məqsədlə ümumi dəyəri 11 milyon 586.3 min manat olan 5 müqavilə imzalayıb. Bir su sayğacının alınıb quraşdırılması dövlət büdcəsinə orta hesabla 231 manat 72 qəpiyə başa gəlmişdi. İşlərin icrasına isə «Hidro İnşaat Servis», «Əsil İnsaatçı-R», «Anv-İnşaatçı», «İnşaatçı» və «İnşaatçı Neftçi» şirkətləri cəlb olunmuşdu.

XARİCƏ 4 DƏFƏ UCUZ QİYMƏTƏ SATILIR

İnformasiya agentliyinin direktoru Mehman Əliyevin sözlərinə görə, bir ədəd su sayğacı orta hesabla 110 manata (təxminən 66 ABŞ dolları) alınmışdı.

***Buna da bax-445 min mənzildə niyə hələ də su sayğacı yoxdur?

Yerdə qalan xərclər isə quraşdırma işlərinə sərf olunmuşdu. Maraqlı olan məqam budur ki, istehsalçı – «Gəncə Cihazqayırma Zavodu» ASC bu cihazları həmin il xaricə «su qiymətinə» – ədədi 16 dollar 22 sentə və ya ötənilki orta məzənnə ilə 26 manat 75 qəpiyə satıb. Bu, ölkə daxilində satış qiymətindən 4 dəfə ucuzdur. M.Əliyevin AzadlıqRadiosuna bildirməsinə görə, məhkəmə prosesində «Azərsu» ASC-nin nümayəndəsi «Nəyə görə xaricdən daha ucuz qiymətə sayğac alınmır» sualına cavabında deyib ki, «məqsəd yerli istehsalı» dəstəkləməkdir.

«PASHA HOLDING» ŞƏRİKLƏRDƏN BİRİDİR

«Gəncə Cihazqayırma Zavodu» ASC-nin təsisçisi «Аbşeron» elm-istehsalat müəssisəsidir. Şirkət bildirir ki, Gəncədəki zavod 2009-2011-ci illərdə «Pasha Holding» MMC-nin sərmayəsinin iştirakı ilə yaradılıb. Bu ilin birinci yarısında burada 5 min 231 ədəd elektron sayğac yığılıb. Əvvəlki illə müqayisədə istehsal 9.4 dəfə azalıb. Digər su sayğaclarının istehsalı isə 3.6 dəfə artıb və 83 min ədəddən çox olub. Maliyyə hesabatlarına görə, səhmdar cəmiyyəti son iki ildə 4.4 milyon manat təmiz mənfəət qazanıb.

***Buna da bax-Kanalizasiya üzrə 13 layihə icra olunsaydı... [video]

GÜRCÜSTANA SU SAYĞACI 9 DOLLARA SATILIB

Dövlət Gömrük Komitəsi bu ilin altı ayında Azərbaycanın, əsasən, Gürcüstan və Rusiya olmaqla, dörd ölkəyə 13 min 262 ədəd su sayğacı ixrac etdiyini açıqlayıb. Bu, təxminən ötən ilin eyni dövrünün göstəricisi qədərdir. Gürcüstanın Milli Statistika İdarəsi 2015-ci ildə bir ədədi orta hesabla 10.36 dollara 19 min 656 ədəd, ötən il isə bundan da ucuz – 9 dollar 6 sentə 25 min 380 ədəd Azərbaycan istehsalı olan su sayğacı aldığını açıqlayıb.

ÇİN SAYĞACI – «SU QİYMƏTİNƏ»DİR

Bu ilin birinci yarısında Azərbaycan da kənardan – Çin, Almaniya, Ukrayna və digər ölkələrdən ümumi dəyəri 260 min ABŞ dollarına yaxın 2 min 511 ədəd müxtəlif təyinatlı su sərfi ölçən cihazlar alıb. Çindən gətirilən su sayğacları isə Azərbaycan gömrüyündə sanki rəmzi qiymətə – bir ədədi 1 dollar 59 sentə rəsmiləşdirilib.